Türkiyə uğrunda "mübarizə" - Osmanlı nəvəsi yeni tarix yaza biləcəkmi?

 15:42 22.05.2019     628

“S-400“lərin Türkiyəyə təslim ediləcəyi vaxt yaxınlaşdıqca, ABŞ Ankara üzərində təzyiqləri artır. Son olaraq, ABŞ hakimiyyətinə yaxınlığı ilə bilinən “CNBC” telekanalı Vaşinqtonun Ankaraya müdafiə sistemlərindən imtina etməsi üçün iki həftə vaxt verdiyini açıqladı. Əks halda sanksiyalar qaçılmaz olacaq. Görünən budur ki, istənilən halda Ankaranı çətin günlər gözləyir.

Analitiklərin fikrincə, Türkiyənin müdafiə sistemlərindən imtina etməsi, bu dəfə Ankaranı Moskva ilə üz-üzə qoyacaq. Çünki, rusların müqavilənin pozulmasına səssiz qalacağı inandırıcı deyil. Ekspertlər hesab edir ki, Rusiyanın Türkiyəyə təsir imkanları təxminən ABŞ qədərdir. Ankara bu təsiri Suriya sərhədində “S-24” təyyarəsi vurulandan sonra ciddi şəkildə hiss etdi. Hələ o vaxt Moskva bütün “silahlarını” işə salmamışdı. “Kreml”in ata biləcəyi daha çox addım var.

1.Rusiya Suriya münaqişəsində Türkiyə ilə bütün əməkdaşlığı dayandıra bilər. Nəzərə almaq lazımdır ki, Suriyada Ankara əleyhinə çox sayda qruplaşmalar mövcuddur. Həmin silahlılar üzərlərində Rusiya və hökumət qüvvələrinin təzyiqini hiss etməsə birbaşa Türkiyəyə qarşı yönələcək.

2. Rusiya güc sahibi olduğu Aralıq dənizində Türkiyəyə qarşı addımlar atacaq. Mübahisəli ərazilər məsələsində Yunanıstana dəstək verəcək.

3. Türkiyə Rusiya bazarını itirəcək. Rusiya bazarının Ankara üçün nə qədər önəmli olduğu “S-24” təyyarəsi ilə bağlı yaranmış gərginlik zamanı daha qabarıq şəkildə üzə çıxdı.

4. Hər il Türkiyənin istirahət zonalarına turist qismində səfər edən rusların sayı kəskin şəkildə azalacaq. Türkiyə büdcəsinə əhəmiyyətli şəkildə təsir edən turizm sektorunun çöküşü, ölkədə inflyasiyanı dərinləşdirəcək.

5. Rusiya Türkiyədəki layihələri ləğv edəcək. Onların arasında türklər üçün önəm daşıyan “Akkuyu” nüvə stansiyası da var. Moskva Türkiyə üzərindən dünyaya qaz nəqlini dayandıracaq.

6. Bütün strateji əməkdaşlıqlar dayandırılacaq.

Ekspertlərin sözlərinə görə, müdafiə sistemlərindən imtina Ankaranı qarşılaya bilməyəcəyi zərərlərlə üz-üzə qoyacaq. Belə nəticəyə gəlmək olar ki, Türkiyənin “S-400” məsələsində geri addım atmaq şansı yoxdur. Ərdoğan demişkən: “Kimsə geri addım atmağımızı gözləməsin. Tüpürdüyümüzü yalamarıq”.

Qərbdə yaxşı başa düşürlər ki, “S-400”lər Türkiyəni məğlubedilməz ölkəyə çevirəcək. Çünki,  antitürklər Türkiyənin quru yoluyla işğal edilə bilməyəcəyini yaxşı başa düşürlər. Ankaranın zəif nöqtəsi təkcə hava məkanıdır ki, müdafiə sistemləri bu çatışmazlığı aradan qaldıracaq. Bundan əlavə, qərbin tarixi “Türkiyə ilə Rusiyanı üz-üzə gətirmək” planı iflasa uğrayacaq. Analitiklər bildirir ki, “S-400”lər sayəsində tərəflər ”Su-24” məsələsində olduğu kimi qəza gülləsinə qurban getməz. Müdafiə sistemləri sayəsində Moskva və Ankaranın bir-birlərinə hücum etmək təhlükəsi aradan qalxacaq. Digər tərəfdən, NATO Rusiyanı potensial təhlükə hesab edərkən, Türkiyə kimi “dişli” üzvünü “itirməsi” hərbi alyansda parçalanmaya gətirib çıxara bilər. Belə görünür ki, Osmanlı nəvəsi “S-400”lər sayəsində nəinki regionun, hətta Avropanın xəritəsini belə dəyişəcək.

Anar Türkeş / Redaktor.az