Ermənistan Rusiyanı saymır: Moskva görüşündəki razılaşmalar qüvvədən düşüb?

 18:00 22.05.2019     560

Ermənistanda siyasi vəziyyətin gərginləşdiyi bir vaxtda Paşinyan Qarabağ klanının ata biləcəyi addımlardan çəkinir.

Politoloq Elşad Mirbəşiroğlu Redaktor.az-a açıqlamasında Ermənistan XİN-nin mətbuat katibi Anna Naqdalyanın rəsmi Bakının irəli sürdüyü əsir və girovların “Hamının hamıya” prinsipi üzrə dəyişdirilməsi prosesi ilə bağlı açıqlamasına münasibət bildirib. Politoloq hesab edir ki, əsir və girov götürülmüş şəxslərin dəyişdirilməsi ilə bağlı müzakirənin nəticələrinə Ermənistanın ikili yanaşmasıı gözlənilən idi:

“Tərəflər arasında keçirilən görüşlərdə humanitar məsələlərlə bağlı razılaşma əldə edilmişdi. Xüsusilə də Moskva görüşü zamanı əsas razılaşdırılmış 4 məqamdan biri də məhz əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi idi. Amma Ermənistsnın bu mövqeyi bizim üçün sürpriz deyil. Yəni Ermənistan münaqişənin tənzimlənməsi istiqamətində istənilən razılaşmanın şərtlərinə əməl etməmək üçün bəhanə tapır. Əgər “hamının hamıya” prinsipi ortada varsa, burada artıq hansısa məqamların axtarışına çıxmaq lazım deyil. Bu baxımdan Ermənistan tərəfinin mövqeyi absurd yanaşmadır. Çünki tərəflər arasında silahlı münaqişə mövcuddur. İstər-istəməz hər iki tərəf əlində olan əsir və girovları bu və ya digər məsələlərlə bağlı günahlandıra bilər. Amma bu məsələnin tənzimlənməsi üçün beynəlxalq hüquqi normativ aktlara  və müvafiq konvensiyalara istinad etmək lazımdır”.

Politoloq vurğulayıb ki, Ermənistan tərəfi bu açıqlama ilə Qarabağ  münaqişəsinin tənzimlənməsində qeyri-konstruktiv mövqe tutmaqda israrlı olduğunu göstərdi:

“Ermənistanın əsas məqsədi status-kvonu saxlamaqdır. Hazırda Paşinyan hakimiyyəti Qarabağ münaqişəsi ilə bağlı istənilən addımdan çəkinir. Bu istər münaqişə prosesində əsir və itkin düşmüşlərlə bağlı olsun, istərsə də təmas xəttində atəşkəsə əməl edilməsi məsələsində. Paşinyan konkret addımlar ata bilmir. Bu addımlardan opponentlərinin ona qarşı istifadə edəcəyini yaxşı bilir. Diqqət yetirsək görərik ki, Paşinyan İlham Əliyevlə görüşlərindən sonra sanki qondarma rejim qarşısında hesabat xarakterli çıxışlar edirdi”.

Xatırladaq ki, mayın 21-də Ermənistanın Xarici İşlər Nazirliyi rəsmisi Bakının irəli sürdüyü əsir və girovların “Hamının hamıya” prinsipi üzrə dəyişdirilməsi prosesinə dair açıqlama yayıb. Nazirliyin mətbuat katibi Anna Naqdalyan yerli mətbuata verdiyi açıqlamada bildirib:

“Ermənistan XİN hər zaman real humanitar addımların atılmasının tərəfdarı olub, lakin bu humanitar hərəkətlər ağır cinayətlərin cəzasız qalması ilə nəticələnməməlidir”.

Firuzə Vahid / REDAKTOR.AZ