Ermənistan üçün fəlakət - POLKOVNİK DANIŞDI

 12:20 23.05.2019     1818

Azərbaycan son bir ayda 3 hərbi təlim keçirib ki, onların ikisi qardaş Türkiyə ilə birgə reallaşıb. Bu isə işğalçı ölkədə təşviş doğurur. Hətta Azərbaycan ordusunun Ermənistan daxilində qarışıqlıq yaranmasından istifadə edib, əraziləri qaytara biləcəyini iddia edənlər də var. Artıq bununla əlaqədar, qarşı tərəfdən həyəcanlı açıqlamalar yayılmaqdadır. Bəzi müşahidəçilər bunu Azərbaycanın şansı hesab edirlər.  

Məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, müharibə qurtarmayıb, davam edir:

“Sadəcə atəşkəs rejimidir. Ancaq keçirilən irimiqyaslı təlimlər planlı baş tutur və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təsdiq edilir. Azərbaycanın təlim keçirməsi, öz silahlı Qüvvələrinin inkişafını təmin etmək məqsədi güdür. Digər tərəfdən, təlimlər Azərbaycan ordusunun döyüş hazırlığını yüksəltmək, döyüş potensialını yüksək səviyyədə saxlamaq, təkmilləşdirmək və bu fonda gələcəkdə əsas tapşırıqlardan biri olan torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün güc yolu ilə bərpa etməsi üçün keçirilir. Təlimlər bundan sonra da davam edəcək”.

Polkovnik hesab edir ki, Azərbaycan Ordusu hər an döyüş tapşırığını yerinə yetirməyə hazırdır:

“Müdafiə Nazirliyinin təlimlərlə bağlı yaydığı videomateriallar Azərbaycan Ordusunun gücünü və peşəkarlığını əks etdirir. Azərbaycan Ordusunun keçirdiyi son təlimlər çətin relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilir. Düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsi təlimin əsas mövzusudur. Onu qeyd edim ki, bölgədə bu cür təlimləri yalnız Azərbaycan Silahlı Qüvvələri keçirir”.

Ş.Ramaldanov vurğulayıb ki, təlimlər həm də düşmənə bir ismarıcdır:

“Azərbaycanın keçirdiyi təlimləri düşmən daha diqqətlə izləyir. Onlar vaxt var ikən öz cəmiyyətlərini faciədən qurtara bilərlər. Çünki Azərbaycan Ordusunun gücü qarşısında erməni əsgərinin tab gətirməsi mümkün deyil. Təsadüfi deyil ki, erməni cəmiyyətinin özü də keçirilən təlimlərdən narahatlığını gizlətmir. Artıq beynəlxalq qurumlara bununla bağlı müraciət edirlər. Bu gün erməni cəmiyyətində ciddi şəkildə gərginlik hiss olunmaqdadır. Onlar artıq başa düşürlər ki, Dağlıq Qarabağın işğalı onlara heç nə verməyib”.

Hərbi ekspert Rəşad Süleymanov da məsələ ilə bağlı saytımıza danışıb. Hərbi ekspert hesab edir ki, Azərbaycanın keçirdiyi təlimlər ermənilərin hər hansı bir tədbirinə cavab deyil:

“Təlimlər ilin əvvəlində müəyyən edilmiş plana uyğun keçirilir”.

R.Süleymanov sabiq XİN rəhbəri Tofiq Zülfüqarovun Ermənistandan Azərbaycana qarşı təxribat olacağı ilə bağlı fikrinə də münasibət bildirib:

“Düşməndən təxribat cəhdini hər zaman gözləmək olar. “Su yatar, düşmən yatmaz” atalar sözümüz boş yerə deyilməyib. Amma düşmənin nəinki cəbhə xəttində, hətta cəbhənin dərinliklərində də bütün hərəkətləri Silahlı Qüvvələrimiz tərəfindən nəzarətdədir və buna uyğun qabaqlayıcı tədbirlər görülür. Hər hansı təxribat cəhdi onlar üçün fəlakətlə nəticələnə bilər. Azərbaycan hər zaman müharibə variantından istifadə edə bilər. Bu, dövlət rəhbərliyi səviyyəsində də dəfələrlə bəyan edilib. Unutmayaq ki, aprel döyüşləri düşmənə kiçik bir xəbərdarlıq idi. Növbəti hərbi əməliyyatlar nəinki torpaqlarımızın azad edilməsi, eyni zamanda Ermənistanın özünün böyük zərbələr alması ilə nəticələnəcək. Bunu düşmən tərəfi də yaxşı bilir. Buna görə də manipulyasiyalar etməklə vəziyyətdən çıxmağa çalışırlar”.  

Firuzə Vahid / REDAKTOR.AZ