Bu, Rusiya və Azərbaycana ziyan vurur - Qubaydullin

 15:45 23.05.2019     343

İqtisadi cinayətlər həm Azərbaycanın, həm Rusiyanın, həm də MDB üzvü olan digər ölkələrin iqtisadiyyatına ciddi ziyan vurur.

Redaktor.az axar.az-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 19-cu iclası barədə danışan Rusiya Federal Gömrük Xidmətinin müavini Oleq Qubaydullin deyib.

O bildirib ki, iclasın keçirilməsində əsas məqsədlərdən biri iqtisadi cinayətlərə qarşı mübarizədir:

“Digər vacib məsələlərdən biri də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədir. Ona görə də biz birgə əməkdaşlıq formasına daha çox diqqət yetiririk. Xarici ölkələrdəki həmkarlarımızla birgə fəaliyyətimiz nəticəsində qanunsuz ticarət dövriyyəsindən təxminən 10 kq narkotik çıxarılıb. Fikrimcə, bu işin təşkilində bizim böyük rezervlərimiz var”.

Oleq Qubaydullin vurğulayıb ki, qanun pozuntularının əsas növləri pulların və malların qanunsuz tədarükü, həmçinin narkotik qaçaqmalçılığıdır.

Dövlət Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev isə bildirib ki, iclasda əsasən MBD çərçivəsində fəaliyyət göstərən gömrük komitələrində baş vermiş hüquq pozuntu faktlarının araşdırılması, başvermə səbəbləri və onların qarşısının alınması müzakirə olunur. O qeyd edib ki, iclasın sonunda yekdil qərar qəbul ediləcək.