Türkiyə çətin sınaq qarşısında: “S-400”-dən imtina edəcəkmi?

 11:54 24.05.2019     530

ABŞ-ın aparıcı siyasi zümrəsinin ən güclü vuran əli sanksiya siyasətidir.

Politoloq Tofiq Abbasov Redaktor.az-a açıqlamasında ABŞ-ın Türkiyəyə qarşı tətbiq edəcəyi sanksiyaların nə vəd etdiyinə aydınlıq gətirib. Politoloq hesab edir ki, ABŞ-ın kortəbii, düşünmədən ölkələrə tətbiq etdiyi sanksiyaların bir ucu özünə, digər ucu isə qlobal iqtisadiyyata mənfi təsir göstərir:

“Məsələn, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalardan sonra Avropa İttifaqı 120-130 milyard dollara qədər itki ilə üzləşib. ABŞ-ın özündə də İranla münasibət qurmaq istəyən şirkətlərin itkiləri 80 milyardı aşıb. Ancaq ABŞ bu faktlara məhəl qoymur və dünyada öz hegemonluğunu diqtə etməkdə davam edir. Türkiyə ilə bağlı yaranan vəziyyət isə çox mürəkkəbdir. Türkiyə Avrasiyanın qərbində yerləşən region dövlətidir. Bu ölkə ABŞ-ın siyasətinə öz iqtisadi maraqlarını qurban vermək istəmir. Digər tərəfdən, ABŞ bütün dünyada silah bazarını öz əlində saxlamaq cəhdlərini dayandırmır. Ancaq ABŞ-ın böyük PR kampaniyası ilə təqdim etdityi “Patriot” hava hücumundan müdafiə sistemləri, bir neçə məqamda özünü təsdiqləyə bilməyib. Ona görə də, bir çox ölkələr Rusiyanın “S-300” və “S-400” silahlarına üz tutub. Təbii ki, Rusiya da silah bazarında hegemonluq etmək niyyətindədir. “S-500” silahlarının istehsalı üçün çalışmalar davam edir. Hətta Türkiyə bildirib ki, Rusiya ilə birgə formatda bu silahların istehsalına başlaya bilərlər”.

Politoloq qeyd edib ki, ABŞ-ın təzyiqləri Türkiyənin iqtisadi durumu üçün yaxşı heç nə vəd etmir:

“Çünki Türkiyə artıq alış-veriş məsələsində öz qərarını verib və Rusiya ilə birlikdə iri infrastruktur layihələri ilə bağlı razılaşmalar əldə edib. İki ölkənin bir-birinə marağı və ehtiyacı çox böyükdür. Rusiya və Türkiyənin birlikdə olması daha faydalıdır, nəinki bir-birinə qarşı fəaliyyət göstərmələri. Son baş verən proseslər Türkiyəni seçim qarşısında qoyur. Rahib qalmaqalı ilə bağlı ABŞ-ın Ankaraya qarşı tətbiq etdiyi sanksiyalar texnologiya sahəsini əhatə etsə də, ümumilikdə Türkiyə iqtisadiyyatı bundan ciddi zərər gördü. Lakin Ankara indi daha çətin sınaq qarşısındadır. Çünki bu dəfə ABŞ Ankaraya qarşı çoxşaxəli sanksiyalar tətbiq etməyi planlaşdırır”.

Politoloq düşünür ki, ancaq bütün bunlara baxmayaraq, Türkiyə ABŞ-ın təzyiqlərinə məhəl qoymayacaq və Rusiydan almaq istədiyi silahlara sahib olacaq.

Xatırladaq ki, CNBC telekanalı ABŞ-ın Rusiya ilə S-400 müqaviləsindən imtina üçün Türkiyə tərəfinə 2 həftə vaxt verdiyini açıqlayıb.

Firuzə Vahid / REDAKTOR.AZ