Həmsədrlərdən imtina, bizə nəyə BAŞA GƏLƏ BİLƏR?

Azərbaycan torpaqlarını işğaldan azad etməyin başqa yolunu sınaqdan çıxarmalıdır.
Ermənişünas Qafar Çaxmaqlı Redaktor.az-a açıqlamasında Qarabağ münaqişəsi ətrafında gedən son prosesləri dəyərləndirib.
Q. Çaxmaqlı hesab edir ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra başlayan proses hələ də davam etməkdədir:
“Bu, əslində gözlənilirdi. Hakimiyyətə yeni qüvvə gəlir və ölkədə köklü dəyişikliyə gedirsə, şübhəsiz, buna dirəniş olacaqdı. Daxili münaqişələr nə qədər dərinə getsə, bizə o qədər xeyirdir. Bu şərtlə ki, yetişən məqamdan yararlana bilək. İndiki halda, Ermənistanda gedən proseslərin Qarabağın Azərbaycana qaytarılmasına bir faydası yoxdursa, onun bizim üçün bir əhəmiyyəti də yoxdur”.
Q. Çaxmaqlı vurğulayıb ki, Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesi 1994-cü ildən bəri Ermənistan tərəfindən uzadılır:
“İndi də bu siyasət davam etdirilir. Danışıqların heç bir nəticə verməyəcəyini ATƏT-in Minsk Qrupu həmsədrləri də, danışıqlarda iştirak edən ölkələr də yaxşı bilir. Hazırda bu proseslə bağlı heç bir irəliləyiş yoxdur. Amma bundan sonra hansı siyasətin izləniləcəyi ilə bağlı cəsarətli addım ortaya qoyan yoxdur. Atılacaq yeni addım əslində Azərbaycandan gözlənilir. Çünki təcavüzə məruz qalan tərəf, torpaqları işğal olunan ölkə Azərbaycandır”.
Q. Çaxmaqlı Minsk Qrupu həmsədrlərinin dəyişdirilməsi ilə bağlı təkliflərə də münasibət bildirib:
“Bu, əslində yeni vaxt itkisi olar. Onların vasitəçiliyindən imtina etmək isə Azərbaycanı yeni və çətin bir prosesin başlanması kimi dilemma qarşısında qoya bilər. İndiki halda belə bir addım atıb Minsk qrupunun vasitəçiliyindən imtina etməyi bəyan etmək, siyasi olaraq heç bir divident gətirməz. Hazırda Azərbaycan prosesin həlli üçün zənnimcə, Qarabağda anti-terror əməliyyatlarına başlamalıdır. Əgər buna hazır deyiliksə, başqa düşüncələri bir tərəfə buraxıb, ona hazırlaşmalıyıq”.
Firuzə Vahid / REDAKTOR.AZ