Rusiyanın "Qarabağ planı" - Azərbaycan müharibəyə sürüklənir?

 12:06 11.06.2019  649

Azərbaycan Ermənistanın addımlarına qarşı cavab tədbirlərinə hazırlaşır.

Sabiq dövlət müşaviri Qabil Hüseynli Redaktor.az-a açıqlamasında Ermənistandan Azərbaycana qarşı təxribat xarakterli addımların artmasının səbəblərinə aydınlıq gətirib. Politoloq hesab edir ki, Ermənistan tərəfi çox böyük saymazlıq və təkəbbürlük nümayiş etdirir:

“Ermənistan beynəlxalq hüquq normalarını pozaraq, Azərbaycan ərazilərində at oynadır. Bizim ordumuz isə ciddi hazırlıqlarla məşğuldur, təlimlərin sayı artırılıb. Son vaxtlar keçirilən təlimlərdən sonra ordumuzun döyüşə hazırlaşması şübhə doğurmur. Artıq danışıqlar prosesi dayanıbsa, Ermənistan bizi ələ salmağa başlayıbsa, Azərbaycan mütləq “qulaqburması” verməlidir”.

Politoloq bildirib ki, cəbhədə son baş verən proseslərdə rus barmağının olmasından ehtiyat edir:

“Ola bilər ki, ruslar Ermənistana müəyyən təlimatlar verir və Azərbaycanı təxribata, hücuma təhrik etməyə çalışırlar. Burada Azərbaycan ordusuna ciddi zərər verə biləcək planlar da ola bilər. Amma unudurlar ki, Azərbaycan ordusu ermənilərə qarşı müharibədə 30-40 il bundan əvvəlki silahlardan istifadə etməyəcək. Müharibə raket texnikası, pilotsuz təyyarələr vasitəsi ilə həyata keçiriləcək. Ermənilərin hər hansı plan qurmaq niyyətləri puça çıxacaq. Paşinyanın Sankt-Peterburq səfərindən sonra çıxışları daha provakativ xarakter almağa başlayıb. Bu məqama xüsusi diqqət yetirmək lazımdır”.

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov da məsələ ilə bağlı saytımıza danışıb. Politoloq dünyadakı bütün münaqişələrdə olduğu kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin alovlanmasını istəyən qüvvələrin olduğunu istisna etmir:

“Bəzi ölkələrdə olan müəyyən gizli şəbəkələr tərəfindən həm Ermənistanda, həm də Azərbaycanda vəziyyəti istədikləri səmtə yönəltmək üçün cəbhə təxribatlarına əl atıla bilər. Ələlxüsus, dünyanın ayrı-ayrı münaqişə ocaqlarının alovlandırılması, üçüncü dövlətlərin öz maraqlarını reallaşdırması üçün məqsəd təşkil edir. Bu qruplar, mərkəzlər planetin istənilən bölgəsinin senarisini planlaşdırılmış şəkildə cıza bilər. Ona görə də, münaqişə tərəfləri hər zaman ehtiyatlı olmalı, soyuqqanlı davranmalıdır. Yəni üçüncü dövlətlərin maraqlarının reallaşmasına kömək etmək olmaz. Düşmənə gözləmədiyi vaxt zərbə endirməliyik”.

Politoloq Elxan Şahinoğlu da məsələyə münasibət bildirib. Politoloq hesab edir ki, cəbhə bölgəsində “domino effekti” işə düşüb:

“Yəni onlar vurur, biz əvəzini çıxırıq, biz vururuq, onlar qarşılığını verməyə çalışır. Beləcə, hər iki tərəf balansı pozmamaq istəyir, bu isə lokal toqquşma ehtimalını artırır. Rusiya prezident Vladimir Putin mümkündür ki, yaxın günlərdə Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüş təşkil etsin. Cəbhə bölgəsindəki vəziyyət Putini narahat etməyə bilməz. Əlbəttə, Moskva Qarabağ klanına nəzarət edir, ancaq müharibə Kremlin maraqlarına cavab vermir. Çünki Rusiya hakimiyyəti əsəbləri tarıma çəkilən Azərbaycan ordusunun irəli gedib uğur qazanmasını da istəmir. Ona görə də, Kreml üçün ən münasib variant status-kvonu qorumaqdır. Bunun üçün isə tərəfləri görüşdürüb yenidən atəşkəsə riayət etməyə razı salmaq üçün fəaliyyətə başlanılacaq”.

Firuzə Vahid / REDAKTOR.AZ