Qazaxıstanın yeni prezidentinin ermənilərə simpatiyası var imiş...

 14:59 11.06.2019  172

Nursultan Nazarbayev həyatda olduğu müddətdə Qazaxıstanın bölgədə və türk dünyasında siyasəti dəyişə bilməz.

Sabiq dövlət müşaviri Qabil Hüseynli Redaktor.az-a Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin “Ermənistanla tarix və hətta dil baxımından ortaq nöqtələrimiz çoxdur” açıqlamasına münasibət bildirib.

Politoloq hesab edir ki, Tokayev bu açıqlaması ilə özünü biabr edib və tarixi biliklərinin çox zəif olduğunu ortaya qoyub:

“Nursultan Nazarbayev Ermənistan təcavüzünün Azərbaycana vurduğu ziyanla bağlı hər zaman həssas mövqe nümayiş etdirib. Ancaq onun bacısı oğlu Tokayevin elə ilk açıqlamasından bu irsə sadiq qalmayacağı göründü. Tokayev açıqlamasında Ermənistanın təcavüzünə üstüörtülü şəkildə belə eyham vurmayıb. Onun erməni və qazax xalqlarının dilində ortaq nöqtələrin olması ilə bağlı iddiası isə olduqca gülüncdür. Ta qədimdən bütün dünyanı lərzəyə salan göytürklərin dili Altay dil qrupuna aiddir. Ermənilər isə iran-fars dillər qrupuna daxil olan kiçik bir təbəqənin nümayəndələridir. Tokayevin bütün bunları nəzərə almadan verdiyi açıqlama isə onun naşılığından xəbər verir. Eyni zamanda yeni seçilən prezident türk dünyasının həssas bölgəsi olan Azərbaycanı qəzəbləndirə biləcək səhvə yol verib”.

Q.Hüseynli Tokayevin ermənilərlə bağlı bəyanatından təəssüfləndiyini qeyd edib:

“Prezident kürsüsünə seçilən bir şəxsin tarixi biliklərinin bu qədər aşağı səviyyədə olmasına təəccüblənirəm. İkincisi isə ermənilərin türk dünyasına qarşı alçaq əməllərinin Tokayev tərəfindən görməzdən gəlinməsi qəbuledilməzdir. Ümid edirəm ki, Nursultan Nazarbayev bir müddətdən sonra Tokayevə “qulaqburması” vermək məcburiyyətində qala bilər. Nazarbayev həyatda olduğu müddətcə Qazaxıstanın siyasətində hansısa köklü dəyişikliklərin şahidi olmayacağıq. Ancaq onun başına bir iş gəlsə, Qazaxıstanda ürəkaçan proseslərin getməyəcəyini təxmin etmək olar. Çünki Tokayev indidən erməni dili ilə qazax dili arasında ortaq nöqtələrin olduğunu iddia edirsə, deməli siyasətdə ciddi səhvlərə yol verəcək”.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Ermənistanın səsi” qəzetinə açıqlamasında ermənilərə böyük simpatiya ilə yanaşdığını bildirib:

“Ermənistanla tarix və hətta dil baxımından ortaq nöqtələrimiz çoxdur. Ona görə də mən, gələcək əməkdaşlığa optimist yanaşıram”.

Firuzə Vahid / REDAKTOR.AZ