Azərbaycan provakasiyalara qarşı qabaqlayıcı addımlar atmaqda NİYƏ GECİKİR?

  19:01 11.06.2019         111

İnformasiya müharibəsində qalib gəlmək üçün hər hansi bir resept, sxem mövcud deyil, lakin bu müharibədə uğur qazanmaq üçün tətbiq oluna biləcək texnoloji, nəzəri və təcrübi nüanslar mövcuddur.

Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyeva Redaktor.az-a açıqlamasında diplomatiyanın hərbi üstünlüklərdən yararlana bilməsi üçün təkliflər irəli sürüb.

Ekspert hesab edir ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artması prosesi gedir:

“Gənc müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsinin dünyadakı anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat etməsi danılmaz və təkzibedilməz faktdır. Azərbaycanın Avropa qitəsinin təhlükəsizliyində önəmli rol oynaması və son 10 ildə bu rolun necə önəmli dərəcədə artması bir reallıqdır. Bu reallıq, qlobal proseslərin təsiri ilə regional siyasi müstəvidə gedən  dəyişikliklərlə də bağlıdır. Eyni zamanda, paralel olaraq, dəyişikliklərin mahiyyətini öz gündəlik təcrübəsində tətbiq edən çevik və professional diplomatik xidmətin mövcudluğu ən əsası, bu xidmətə rəhbərlik edən ölkə başçısının fəaliyyəti danılmazdır”. 

Y. Hacıyeva qeyd edib ki, son on illikdə dövlətlərə qarşı hibrid müharibələrin aparılması geniş yayılıb:

“Hərbi məqsədlərin qeyri-hərbi, siyasi, iqtisadi, texniki, propaqanda-təbliğat alətləri ilə aparılması hibrid informasiya müharibəsi təcrübəsi tətbiq olunur. Bu müharibələr dünyanın müxtəlif yerlərində  regional və lokal sabitliyə qarşı yönəlmiş, kəşfiyyat və xüsusi xidmətlərin operatorluğunda kənar təsirlər və dezinformasiyalarla ictimai fikirlərin yönləndirilməsi ilə sistemli informasiya-təbliğat əməliyyatları vasitəsi ilə aparılır. Bu məqsədlə dövlətlərin ərazisində separatizm ocaqları və qruplarının, terror və radikal dini qrupların dəstəklənməsi, həyati vacib obyektlərdə texnogen qəzalara səbəb ola biləcək kiber hücumların simulyasıyası, cəmiyyətlərlə həssas mövzular ətrafında əks -təbliğat aparmaqla təsir etmək, yönləndirmək üsullarından istifadə edilir. Ən əsası dövlət institutlarında və idarəçiliyində mühüm postlar tutmuş şəxslərin, cəmiyyətlərin nüfuz agentlərinin  gözdən salınmasına yönəlmiş sistemli fəaliyyət, yalan və təhrif olunmuş məlumatlar üzərindən sistemli informasiya əməliyyatları kimi təbliğat və propoqandanın həyata keçirilməsi prosesi də sürətləndirilir. Biz bunu hərbi məqsədlərin siyasi təbligat alətləri ilə aparılması kimi qiymətləndirə bilərik. Bu istiqamətdə müasir texnoloji üsullarla paralel, ənənəvi təbliğat üsulları ilə də müxtəlif qrupların, xüsusi xidmət və ya kəşfiyyatların ölkə daxilindəki nüfüz agentləri siyasi və ictimai tədbirlər ərəfəsi cəmiyyətlərə yönəlmiş sistemli informasiya əməliyyatları aparması təcrübəsi tətbiq edilir. Belə cəhdlər Azərbaycana qarşı da həyata keçirilir”.

Ekspertin fikrincə, bu üsullar  dünya üçün yeni olduğuna görə, onunla mübarizə üsulları da yenilikçi yanaşma tələb edir:

"Mövzunun həssaslığını nəzərə alaraq, detallara varmadan ümumi informativ məqamları qeyd etmək istərdim. Bunlar informasiya, məlumatların çevik emalı, həssas mövzu və qruplar üzərindən tətbiq olunması istiqamətində ciddi və sistemli fəaliyyətdir”.

Firuzə Vahid / REDAKTOR.AZ