II Aprel döyüşləri başlasa: Azərbaycan xarici təzyiqləri necə neytrallaşdıra bilər?

 16:29 12.06.2019     781

Son günlər cəbhə bölgəsində gərginliyin artması, Azərbaycan ordusunun bir-birinin ardınca irimiqyaslı hərbi təlimlər keçirməsi sanki yeni müharibənin yaxınlaşdığından xəbər verir. Aprel zəfəri sübut etdi ki, Ermənistan ordusu Azərbaycana müqavimət göstərə biləcək  qüvvəyə malik deyil. Hərbçilərimiz cəmi 3 gün ərzində bir neçə strateji məntəqəni işğaldan azad etdi. Nəzərə almaq  lazımdır ki, son 3 ildə ordumuzun arsenalı müxtəlif növ silahlarla daha da zənginləşib. Ekspertlər hesab edir ki, bu dəfə mümkün müharibənin Ermənistan üçün fəsadları daha acınacaqlı olacaq. Əslində İrəvanı acınacaqlı vəziyyətə aprel döyüşlərində də salmaq olardı. Əgər xarici qüvvələr müdaxilə edib, erməniləri xilas etmək istəməsəydilər. O zaman həqiqətən İrəvanda hal qalmayacaqdı... 

Görəsən bu dəfə mümkün müharibə zamanı rəsmi Bakı beynəlxalq qüvvələrin təzyiqini neytrallaşdıra biləcəkmi?

Politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı Redaktor.az-a danışıb.

Politoloq hesab edir ki, Azərbaycan Ordusu daha böyük hücumla erməniləri sülhə məcbur etməlidir:

“Aprel döyüşləri zamanı bizim belə bir şansımız var idi. Amma bu, mümkün olmadı. Çünki Aprel savaşının davam etməməsi üçün, Azərbaycana açığını desək, sadəcə bir istiqamətdən- şimaldan təzyiqlər oldu. Nə ABŞ, nə Fransa, nə də beynəlxalq təşkilatlar Azərbaycana təzyiq etdi. Əgər təzyiq olsa idi belə, Azərbaycan onu neytrallaşdıra bilərdi. Ancaq olan təzyiqləri artıq Azərbaycan neytrallaşdırmağı bacarmalıdır. Çünki Aprel döyüşləri zamanı ruslar Azərbaycana verdiyi vədə, üstündən 3 il keçməsinə baxmayarq, hələ də əməl etməyib. Yəni danışıqların sürətləndirilməsi prosesi baş tutmayıb, Qarabağ ətrafında bir rayon belə azad olunmayıb. Ona görə də biz bütün imkanlarımızı səfərbər edərək, qərar verməliyik”.

Politoloq maraqlı təkliflə çıxış edib:

“Biz elə etməliyik ki, Türkiyənin Azərbaycanda ən azı iki hərbi bazası olsun. Bu bazalardan biri elə Naxçıvanda yerləşdirilsin. Yəni Naxçıvanda hərbi təlim keçən türk əsgərləri Türkiyəyə qayıtmasın və hərbi baza rəsmiləşdirilsin. Bəzən Türkiyənin NATO dövləti olduğunu əsas gətirərək 3-cü ölkədə hərbi baza formalaşdıra bilməyəcəyi iddia edilir. Amma unutmaq olmaz ki, Türkiyə Qətərdə öz hərbi bazasını çox rahatlıqla yerləşdirdi. Deməli, Azərbaycanda da buna nail olmaq olar”.

Politoloq bildirib ki, Dağlıq Qarabağ müharibəsi başlasa, Azərbaycan iki qüvvə ilə mübarizə aparmaq məcburiyyətində qalacaq:

“Təkcə Ermənistanla müharibə etməli olsaydıq, biz bu məsələni çoxdan həll etmişdik. Ancaq ermənilərə Rusiya hamilik edir. Rusiyanı neytrallaşdırmaq üçün isə Azərbaycan Türkiyə ilə hərbi strateji müttəfiqliyi üst səviyyəyə qaldırmalıdır. Türkiyənin Azərbaycanda hərbi bazası olsa, Rusiya bizə indiki kimi təzyiq edə bilməz”.

Firuzə Vahid / REDAKTOR.AZ