Moldovada ABŞ-Rusiya-Avropa Birliyi razılığa gəldi: Bəs QARABAĞ?

 13:50 15.06.2019     2194

ABŞ, Avropa Birliyi və Rusiyanın Moldovada rəqabəti təxirə salıb, anlaşması bu ölkədə siyasi böhranın çözülməsinə şərait yaratdı.

Redaktor.az bildirir ki, politoloq Şahin Cəfərli Moldovada baş verən proseslərə münasibət bildirib.

Politoloq hesab edir ki, ölkədə qərbyönümlü ACUM bloku və Rusiyaya yaxın sosialistlərin koalisiyasından ibarət maraqlı bir siyasi simbioz ortaya çıxdı:

“Demokrat Partiyasının lideri, oliqarx Vlad Plaxotnyuk ABŞ səfiri Derek Hoqan (əvvəl Azərbaycanda çalışıb) ilə görüşdən sonra hakimiyyəti yeni hökumətə təhvil verməyə razılaşdı. DP müxalifətə keçdi. Baş nazir vəzifəsini ACUM liderlərindən Maya Sandu tutdu. Kabinetdə 10 nazirdən cəmi 2-si sosialistdir. Xarici işlər, daxili işlər, maliyyə, təhsil kimi strateji nazirliklər ACUM-un əlindədir. Parlament sədrliyi isə sosialistlərə verildi”.

Politoloq qeyd edib ki, hökumət proqramında avrointeqrasiyanın davam etdiriləcəyi yazılıb:

“Ən vacib məqam isə 3 geopolitik mərkəzin artıq bu münaqişədə razılaşma əldə etməsidir. Qarşıdakı dönəmdə Dnestryanı münaqişənin həllində də ciddi tərəqqi gözlənilir. Bu “troyka”nın Ukrayna və Gürcüstanın taleyi ilə bağlı razılığa gəlməsi də istisna deyil”.

Ş.Cəfərli bu “troyka” Qarabağla bağlı nə zaman razılaşma əldə edəcəyinə də aydınlıq gətirib:

“Birincisi, onların razılaşmasının ermənilərin xeyrinə olması ehtimalı daha çoxdur, nəinki bizim.Qarabağ məsələsi ilə bağlı da ABŞ, Rusiya və Avropa Birliyinin mövqeləri bir-birinə yaxındır. Həmsədrlər də elə bu 3 geopolitik mərkəzdir. Çərçivə barədə (Madrid prinsipləri) çoxdan razılığa gəlinib, ancaq yekun siyasi razılıq qalıb. Bu razılığın əldə olunması da mümkündür, sadəcə Qarabağ onlar üçün hələ ki, prioritet deyil. Atəşkəs var və hər iki tərəf (biz və ermənilər) buna əməl edir və heç biri müharibədə maraqlı deyil”.

Xatırladaq ki, dünən Demokratik Partiya hakimiyyətdən imtina etdiyini açıqlayıb və Baş nazir Pavel Filip istefa verib.

Firuzə Vahid / REDAKTOR.AZ