"Məzmunlu addımlar atılmasa, bizim də səbrimiz tükənəcək" - Fərid Şəfiyev

 19:57 15.06.2019     1120

Azərbaycan tərəfi nəticə gözləyir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Redaktor.az-a açıqlamasında Qarabağ ətrafında gedən proseslərdən danışıb.

F. Şəfiyev hesab edir ki, Ermənistan danışıqların davam etdirilməsini istəmir, sadəcə status-kvonun saxlanılmasında maraqlıdır:

“Vyanada Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında keçirilən görüşdə iki məsələ ilə bağlı razılıq əldə olunmuşdu. Bunlardan birincisi, substantiv danışıqların davam etdirilməsi, ikincisi isə, humanitar sahədə tədbirlərin həyata keçirilməsi idi. Amma təəssüf ki, hər iki istiqamətdə heç bir irəliləyiş yoxdur. Əksinə, Ermənistan tərəfi qəsdən həm humanitar sahədə tədbirlərin keçirilməsinə, həm də substantiv danışıqların aparılmasına mane olur. Cəbhədə son baş verənlər isə onu göstərir ki, Ermənistan sülhdən qorxur və substantiv danışıqlar aparmaq istəmir. Digər tərəfdən humanitar sahədə əldə olunmuş razılıqların həyata keçirilməsi üçün mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu yaxşı məqam idi. Yəni, “Arsenal”ın erməni əslli oyunçusu Henrix Mxitaryanın Azərbaycana gəlməsi bu sahədə əldə olunmuş razılıqların həyata keçirilməsi yönündə bir addım olardı. Ancaq Mxitaryan heç bir əsas gətirmədən Azərbaycana gəlməkdən imtina etdi. Baş nazir Nikol Paşinyan isə Mxitaryana zəng edib Azərbaycana getmədiyi üçün ona öz təşəkkürünü bildirdi. Burada hansı humanitar aksiyalardan söhbət gedə bilər?!".

F. Şəfiyev iyunun 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən gözləntilərini də açıqlayıb:

“Rəsmi Bakı danışıqları davam etdirməyə çalışır. Azərbaycan tərəfi danışıqları dayandırsa belə, bu, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmayacaq. Azərbaycan danışıqları dayandıran tərəf olmamalıdır. Eyni zamanda, 2016-cı ildən sonra danışıqlarda yeni bir dinamika yaranıb. Rəsmi Bakı müəyyən məzmunlu addımların atılmasını gözləyir. Ancaq müxtəlif daxili siyasi məsələləri bəhanə gətirərək Ermənistan danışıqları davam etdirməməkdə israr edir. Azərbaycana isə məsələni sülh yolu ilə həll etməyi deyirlər. Lakin Ermənistan tərəfdən məzmunlu addımlar atılmasa, bizim də səbrimiz tükənəcək. Bu zaman Azərbaycan elə bir nöqtəyə gəlib çatacaq ki, sülh danışıqlarının aparılmasının mənasız olduğu qənaətinə gələcək. Bu halda isə vəziyyət qəti şəkildə gərginləşə bilər”.

F. Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin münaqişənin həll edilməsi istiqamətində görəcəyi işlərə də aydınlıq gətirib:

“Açığı mərkəzin büdcəsi hələ təsdiqlənməyib və ona görə də yalnız planlardan danışa bilərik. Mərkəz Dağlıq Qarabağla bağlı dünya ictimaiyyətinə müvafiq məlumatları çatdırmaqla məşğul olacaq. Mərkəzdə elmi araşdırmaların artırılması gözlənilir. Eyni zamanda, mərkəzdə Ermənistanşünaslıqla məşğul olan şöbəmiz olacaq. Yəni, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətimizlə yanaşı, Ermənistanın daxilində gedən prosesləri də təhlil edəcəyik. Bunun üçün erməni dilli mütəxəsisləri mərkəzə cəlb etmək və erməni dilini tədris etmək planlarımız var”.

Firuzə Vahid / REDAKTOR.AZ