Skripal Moskva tərəfindən cəzalandırılıb - Putin dolayısı ilə ETİRAF ETDİ

 18:25 02.07.2019     1393

Osaka sammitini Türkiyə üçün faydalı hesab etmək olar.

Redaktor.az bildirir ki, politoloq Elxan Şahinoğlu Yaponiyanın Osaka şəhərində keçirilən G20 toplantısının hansı ölkələr üçün faydalı olmasına aydınlıq gətirib.

Politoloq xatırladıb ki, bu toplantıda xüsusi olaraq hansısa razılaşma olmadı:

“Ümumiyyətlə, keçmiş illərdə keçirilən G-8 və sonrakı illərdə baş tutan G20 toplantıları hansısa razılaşma əldə olunması üçün keçirilməyib. Əsas məqsəd dövlət liderlərinin birlikdə və ayrılıqda fikir mübadiləsi aparmaları üçün fürsətlərdən istifadə etmələridir. Bu imkan Osakada yarandı. Məsələn, ABŞ-ın Çin və Rusiya ilə münasibətləri gərgindir. Vaşinqton həm Pekinə, həm də Moskvaya qarşı sanksiyaları sərtləşdirir. ABŞ prezidenti Donald Tramp Osakada həm Çin, həm də Rusiya lideri ilə ayrılıqda görüşdü və nəticələrdən razı qaldı. Əlbəttə, bu ikitərəfli görüşlər dərin problemləri həll etmədi və etməyəcək, ancaq ortam nisbətən yumşaldı. Tramp Osaka sammitindən səmərəli istifadə edərək yolüstü Koreyaya da baş çəkdi və Şimali Koreyanın lideri ilə fikir mübadiləsi apardı”.

E. Şahinoğlu qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin də boş dayanmadı:

“Putin ikitərəfli görüşlərdə aktual mövzuları müzakirə etdi. Məsələn, Skripal olayına görə Moskva ilə London arasında münasibətlər soyuqdur və uzun müddət idi ki, iki ölkə arasında rəsmi təmaslar mövcud deyildi. Putin Osaka görüşü öncəsi əvvəlcə İngiltərənin nüfuzlu qəzetinə müsahibə verdi, Yaponiyada isə İngiltərənin baş naziri Tereza Meylə görüşdü. Doğrudur, Tereza Mey artıq vəzifəsindən gedir və bu onun sonuncu sammiti idi. Buna baxmayaraq, Putin Meylə görüşdən yayınmadı. Digər tərəfdən, Putinin İngiltərə qəzetinə verdiyi müsahibədə dediyi “satqınlar cəzalandırılmalıdırlar” fikri dolayısıyla ona işarədir ki, Skripal Moskva tərəfindən cəzalandırılıb. Bundan bir neçə il əvvəl isə Londonda eyni üsulla digər “satqın” Litvinenko cəzalandırılmışdı”.

Politoloq vurğulayıb ki, Osakadakı sammit Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçün vacib idi:

“Tramp Ərdoğanla görüşdə ABŞ-ın Türkiyəyə vaxtilə “Patriot” raketlərini satmamasının günahkarı kimi keçmiş prezident Barak Obamanı göstərdi. Digər tərəfdən Tramp Türkiyəyə qarşı sanksiya tətbiq etməyəcəyini bəyan etdi. Bu, çox önəmli detaldır. Çünki Türkiyə Rusiyadan müasir raketlər aldığına görə Amerikanın hədəsi ilə üz-üzədir. İndi isə bəlli olur ki, Ağ Ev sahibi Ankaranı sıxışdırmaq istəmir. Ancaq Trampın dediklərinə baxmayaraq, Amerikanın Türkiəyəyə qarşı təzyiq siyasətindən əl çəkəcəyini düşünmürəm. Sadəcə olaraq,  Trampın açıqlamaları Ərdoğanın arqumentini gücləndirdi”.

Firuzə Vahid / REDAKTOR.AZ