T.Zülfüqarov: Paşinyan gec ya tez, Qarabağda müharibəni başlayacaq - HAZIR OLMALIYIQ

 15:06 06.07.2019     1461

Rusiya və Ermənistanın birgə keçirdiyi və keçirəcəyi təlimlər iki ölkə arasında hərbi əməkdaşlıq sahəsində olan problemləri ört-basdır etmək məqsədi güdür.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Redaktor.az-a açıqlamasında Moskva ilə İrəvanın birlikdə hərbi təlimlərə hazırlaşmasına münasibət bildirib. Sabiq nazir hesab edir ki, bu təlimlərin rəsmi İrəvanın  real hərbi gücünə təsirləri çox nisbidir və çox azdır:

“Ermənistan-Rusiya əlaqələri heç də lazımi səviyyədə deyil. Rəsmi Moskva hakimiyyətə gələn Paşinyan və komandasını qəbul etmir və qəbul etmək niyyətində də deyil. Rusiyada Paşinyanın qərbpərəst siyasət həyata keçirəcəyinə inanırlar. Məhz buna görə də ona müxalif olan Qarabağ qruplaşmasını rəsmi Moskva açıq şəkildə dəstəkləyir. Paşinyan da başa düşür ki, Moskva üçün heç vaxt istənilən partnyor olmayacaq. Təlimlər sadəcə olaraq, iki ölkənin münasibətlərində olan gərginliyi ört-basdır etmək üçün təbliğati xarakter daşıyır”.

T. Zülfüqarov vurğulayıb ki, hazırki proseslər mürəkkəb xarakter daşıyır:

“Qərb Paşinyanı o qədər qəbul etmir. Paşinyana etibar edilmədiyi hiss olunur. Yəni Qərbin İrəvana ciddi maliyyə dəstəyi edib, bu ölkəni Rusiyanın nəzarətindən çıxarıb öz nəzarətinə götürməsi mümkünsüz görünür. Gələcəkdə Ermənistanda baş verə biləcək böhranlar daha çox sosial yöndə görünür”.

T. Zülfüqarov vurğulayıb ki, Paşinyan Qarabağda hərbi əməliyyatların bərpasına çalışacaq:

“Bəzən Ermənistandan Rusiyaya onlara yeni silahlar satılması, hərbi avadanlıqlar verilməsi tələbi ilə müraciətlər olur. Amma Moskva buna da getmək istəmir. Çünki Moskvada yaxşı başa düşürlər ki, Rusiyanın Ermənistan üzərində hərbi təhlükəsizlik təzyiqləri olmasa, artıq İrəvanda rəsmi Moskvaya ehtiyac qalmayacaq. Yeni silahları verməklə, təlimlər keçirməklə Rusiya burada öz təsir dairəsini daraldır. Ermənilər nə qədər Rusiyadan asılı vəziyyətdə olsalar, bu rəsmi Moskva üçün o qədər sərfəlidir. Ona görə də bu tələbləri Rusiya müxtəlif səbəbləri bəhanə gətirərək rədd edir. Ona görə də Paşinyan hərbi əməliyyatların uğurlu olub-olmamasından asılı olmayaraq Rusiyanın Ermənistanı satdığını göstərməyə çalışmaq niyyətindədir. Hazırda gedən proseslərin senarisi buna doğru gedir. Paşinyanın başqa yolu qalmayıb. Gec və ya tez bu ssenari reallaşacaq. Azərbaycan buna hazır olmalıdır”.

Firuzə Vahid / REDAKTOR.AZ