Görüş yerini dəyişmək olmaz... - GENERALLAR NİYƏ BAKINI SEÇİR?

 18:21 10.07.2019     758

Rusiya və NATO generallarının Bakıda mütəmadi görüşlərinin keçirilməsi Azərbaycanın bölgədə artan roluna işarədir.

Redaktor.az bildirir ki, politoloq Elxan Şahinoğlu Rusiya müdafiə nazirinin birinci müavini və silahlı qüvvələrin baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov və ABŞ hərbi hava qüvvələrinin generalı, NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Tod Uolterslin görüş üçün Bakını seçmələrinin səbəblərinə aydınlıq gətirib.

Politoloq hesab edir ki, son prosesləri nəzərə alsaq, Bakıdakı dailoqun əhəmiyyəti böyükdür:

"Valeri Gerasimovla Tod Uolters arasında baş tutan son telefon danışığında Avropadakı hərbi-siyasi vəziyyət, Rusiya-NATO münasibətlərinin vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Bakıda bu mövzuların daha geniş müzakirəsi planlaşdırılır".

Politoloq qeyd edib ki, Bakıda əvvəllər də belə görüşlər olub:

"Ancaq həmin görüşlərdə Valeri Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı general Körtis Skaparotti ilə görüşürdü. May ayında Skaparottini Tod Uolters əvəz edib. Yəni bu Uoltersin Bakıda Garsimovla ilk görüşüdür".

E. Şahinoğlu vurğulayıb ki, bu görüşlərdən böyük nəticə əldə edəcəyini gözləməyə dəyməz:

"Çünki son illərdə NATO ilə Rusiya arasındakı münasibətlərdə soyuqluq artır. Bundan başqa ABŞ-ın öz raketlərini Avropada yerləşdirməsi və hər iki ölkənin orta və qısamənzilli raketlərin ləğvinə dair sazişdən çıxması bölgədə gərginlik atmosferini artırıb. Bu problemlər yalnız bir görüş və bir müzakirə ilə həll oluna bilməz. Buna baxmayaraq, Rusiya və NATO generallarının mütəmadi olaraq Bakıda görüşüb fikir mübadiləsi aparması iki qütb arasında vacib dialoq mühiti formalaşdırır və gərginliyi daha çox artırmamağa xidmət edir".

Politoloq görüş yeri üçün Bakının seçilməsinin səbəblərinə aydınlıq gətirib:

"Bu rola nə Gürcüstan, nə də Ermənistan uyğundur. NATO-nun Cənubi Qafqazdakı əsas tərəfdaşı olan Gürcüstanın Rusiya ilə münasibətləri gərgindir, iki ölkə arasında diplomatik əlaqələr yoxdur. Bu baxımdan Rusiya görüş yeri kimi Gürcüstanı qəbul etməz. NATO isə Ermənistanı görüş yeri kimi qəbul etməz. Çünki Ermənistan da Rusiyanın nəzarəti altındadır. Azərbaycanın isə həm Rusiya, həm də NATO ilə tərəfdaşlıq münasibətləri mövcuddur. Ona görə də Bakıda görüşmək həm Rusiyaya, həm də NATO-ya sərf edir".

Xatırladaq ki, Rusiya müdafiə nazirinin birinci müavini və silahlı qüvvələrin baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı general Tod Uolters artıq Bakıdadırlar. 

Firuzə Vahid / REDAKTOR.AZ