ATƏT PA-da Azərbaycanla bağlı nələr baş verdi?

 12:00 11.07.2019     2761

İşğal olunmuş ərazilərin sakinlərinin hüquqları bərpa olunmalıdır.

Redaktor.az bildirir ki, bu sözləri millət vəkili, ATƏT PA-nın nümayəndə heyətinin sədr müavini Tahir Mirkişili deyib. Millət vəkili hesab edir ki, Azərbaycanın beynəlxalq arenada mövqeyinin güclənməsi ATƏT Parlament Assambleyasının Luksemburqda keçirilən son iclaslarında qəbul edilən qətnamələrdən də hiss olunmaqdadır:

“ATƏT Parlament Assembleyasının 28-ci illik sessiyası “Təlükəsizliyin təmin olunması üçün dayanıqlı inkişafın gücləndirilməsi: Parlamentlərin rolu” mövzusuna həsr olunmuşdu. Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar məsələlər komitəsində ATƏT regionunda mövcud konflikt və ziddiyyətlərin davam etdiyi bir şəraitdə insan hüquqlarının qorunması vəziyyəti və iştirakçı ölkələrə çağırışlar müzakirə olunub. Komitənin 102 paraqrafdan ibarət olan qətnamə layihəsində ATƏT regionunda insan hüquqları ilə bağlı mövcud vəziyyətin daha da yaxşılaşdırılması üçün çağırışlar öz əksini tapıb”.

T. Mirkişili qətnamə layihəsində Azərbaycan üçün əsas maraq kəsb edən məsələlərdən birinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların humanitar sferada pozulmuş hüquqları ilə bağlı olduğunu bildirib:

“Ermənistan-Azərbaycan sərhədyanı bölgələrdə yaşayan insanların təhlükəsiz yaşamaq hüquqlalarının qorunmasının və bərpa edilməsinin vacibliyinin Yekun Deklarasiyada öz əksini tapması çox vacib amil idi. Qətnamə layihəsində konflikt zonalarında və işğal edilmiş ərazilərdə insanların humanitar sferada əsas azadlıq və hüquqlarının qorunması öz əksini tapsa da, mövcud yanaşma Azərbaycanı tam qane etmirdi. Çünki bu yanaşma Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində münaqişə zonalarında yaşayan insanlarla yanaşı, münaqişə nəticəsində əraziləri tərk etmiş qaçqın və məcburi köçkünlərin humanitar hüquqlarının qorunması və bərpa edilməsini əhatə etmirdi. Azərbaycan nümayəndə heyətinin (Müəllif: Bahar Muradova) qətnamə layihəsinə müvafiq təklifi artıq qeydiyyata alınmışdı və əvvəlcədən də dəyişiklik ətrafında müzakirələrin gedəcəyi gözlənilirdi. Təklifin əsas mahiyyəti münaqişə zonalarında və işğal olunmuş ərazilərdə insanların humanitar hüquqlarının qorunması ilə yanaşı, münaqişənin və ərazilərin işğal olunması nəticəsində insanların humanitar sahədə pozulmuş hüquqlarının qorunmasından ibarət idi”.

Millət vəkili dəyişikliyin əhəmiyyətindən də bəhs edib:

“Birincisi, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlarda etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar yaşamır. Humanitar sahədə insan hüquqlarının qorunmasının universial olması Azəbaycanın əsas mövqeyidir və bu mövqe beynəlxalq normalara əsaslanır. Dəyişiklik Azərbaycanın bütün vətəndaşlarının, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının, işğal olunmuş rayonların qaçqın və məcburi köçkün əhalisinin humanitar sahədə pozulmuş hüquqlarının qorunmasını əhatə edirdi. İkincisi, Ermənistan-Azərbaycan münaqişəsi Dağlıq Qarabağ ətrafından başqa Azərbaycanın digər bölgələrində də insanların təhlükəsiz yaşamaq kimi humanitar hüquqlarının pozulmasına səbəb olub. Bu mənada təklif edilən dəyişiklik onların da humanitar sahədə hüquqlarının qorunmasını, yəni işğalçı Ermənistanın siyasətinin qəbul olunmazlığını əhatə edirdi”.

Millət vəkili vurğulayıb ki, dəyişiklikdə münaqişə zonası ilə yanaşı “ərazilərin işğal olunması” terminin öz əksini tapması Azərbaycan ərazilərinin işğal olunması faktını bir daha vurğulayıb:

“Ərazilərin işğal olunması nəticəsində humanitar sahədə hüquqları pozulmuş insanların hüquqlarının qorunması və bərpa edilməsi – onların daimi yaşadıqları ərazilərə geri dönməsi anlamına gəlir ki, bu da işğala son qoyulmasına çağırış demək idi. Qətnamə layihəsində beynəlxalq hüquq normalarını pozaraq digər ölkələrin ərazilərini işğal edən, ordakı şəhələri xarabalıqlara çevirən ölkələrlə təcili surətdə işğal olunmuş ərazilərin qanuni sakinlərinin hüquqlarının bərpa olunmasına çağırış da öz əksini tapmışdı. Komitədə müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin sayının çox olması və qətnamə layihəsinin müəllifinin də Azərbaycanın mövqeyini dəstəkləməsi dəyişikliyi əleyhinə çıxan Ermənistan nümayəndə heyətini geri çəkilməyə məcbur etdi. Beləliklə Azəbaycanın təklif etdiyi dəyişiklik qətnamə layihəsinə yekdilliklə qəbul edilməsi ilə nəticələndi. Bu dəyişiklik ATƏT PA-nın Yekun Deklarasiyasında öz əksini tapıb”.

Firuzə Vahid / REDAKTOR.AZ