Rusiyanın aqrar məhsullarımıza qadağası SİYASİ TƏZYİQDİRMİ?

 14:07 11.07.2019     572

Bölgədə gərgin vəziyyət hökm sürür. Rusiya-Gürcüstan və İran-ABŞ münasibətləri gərginləşir. Azərbaycanın bu 4 ölkə ilə münasibətləri normaldır və hər biri ilə əməkdaşlıq edir.

Bölgədə davam edən gərginliyin Azərbaycana hansı təsirləri ola bilər?

Redaktor.az bildirir ki, “Atlas” Araşdırmalar Mərkəzi bölgədəki gərginliyin Azərbaycana hansı təsirlərinin ola biləcəyini təhlil edib.

Təhlildə qeyd edilib ki, Azərbaycan tərəfdaş ölkələr arasında gərginliyin əleyhinədir:

“Rusiya prezidenti Vladimir Putin gürcü xalqına qarşı sanksiya tətbiq etmək istəmədiyini bildirib. Buna baxmayaraq, Kremldə Gürcüstanda anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsindən narahat olan qüvvələr var. Kreml sanksiya vasitəsilə Gürcüstan hakimiyyətinə və cəmiyyətinə anlatmaq istəyir ki, Gürcüstanın maliyyə itkisi böyük olacaq. Həqiqətən Rusiya Gürcüstana qarşı sanskiyaları tətbiq etməyə başlayarsa, bu ölkənin maliyyə itkiləri yüz milyonlarla dollar həcmində ola bilər. Bu, kiçik Gürcüstan üçün böyük rəqəm sayılır. Təsadüfi deyil ki, Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya hakimiyyətinə müraciət edərək, sərt addımlar atmamağa çağırış edib”.

Təhlildə bildirilib ki, Azərbaycan həm Rusiya, həm də Gürcüstanla iqtisadi və ticarət əlaqələrinə malikdir:

“Azərbaycan bu gərginlikdə tərəf tuta bilməz. Tam əksinə, Azərbaycan hər iki ölkə ilə iqtisadi əlaqələri genişləndirməyə çalışır. Buna baxmayaraq, Moskva Gürcüstanla yanaşı Azərbaycanın kənd təsərrüfatı məhsullarının da Rusiyaya ixracına əngəllər yaratmağa başlayıb. Bu, Azərbaycanın aqrar məhsullarının ixracına qadağa qoyulması ilə bağlı ilk fakt deyil. Rusiya bəzi hallarda bu amildən siyasi təzyiq vasitəsi kimi istifadə edir”.

Təhlildə Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsinin Ermənistana təsirlərinə də aydınlıq gətirilib:

“Rusiyanın Gürcüstana qarşı tətbiq etdiyi sanksiyalar Ermənistanın iqtisadiyyatına da mənfi təsir edəcək. Ermənistan Rusiya ilə Gürcüstan üzərindən ticarət əməkdaşlığını saxlayır. Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsi Ermənistanın tranzit imkanlarına zərbə vurur”.

Təhlildə İranla ABŞ arasında artan gərginliyin həm Azərbaycanda, həm də Ermənistanda diqqətlə izlənildiyi bildirilib:

“ABŞ İranla əməkdaşlıq edən ölkələri də hədəfə alır. Ermənistan isə İranla iqtisadi əməkdaşlığa önəm verir. Bu yaxınlarda Ermənistan hökumətindən bir heyət məhz əməkdaşlığı inkişaf etdirmək üçün Tehrana getmişdi. İranın iqtisadi baxımdan zəifləməsi Ermənistan bazarı üçün də problemlər yaradacaq. Azərbaycanın da İranla ortaq layihələri var. Azərbaycan İran iqtisadiyyatının zəifləməsini istəmir. Ancaq əgər sanksiyalar İran iqtisadiyyatını zəiflədərsə, Azərbaycan iqtisadiyyatı zərərlərdən özünü qorumağa çalışacaq. Türkiyə də eyni vəziyyətdədir. Ankaranın ABŞ-la münasibətlərini isti adlandırmaq olmaz. Türkiyə Vaşinqtonun istəyi ilə İranla münasibətləri zəiflətməyəcək. Tam əksinə, Türkiyə İran neftini daha ucuz qiymətə almağa çalışacaq”.

Firuzə Vahid / REDAKTOR.AZ