Saakyanın qabağına Babayanı çıxarmasan, deyərlər ki, gözü yoxdur... - ERMƏNİ ATALAR SÖZÜ

 14:17 11.07.2019     468

Azərbaycan baş verən proseslərdə Qarabağ klanını sistemdən uzaqlaşdırmaq üçün Paşinyana növbəti şans tanıyıb.

Politoloq Məhəmməd Əsədullazadə Redaktor.az-a açıqlamasında Ermənistandakı daxili siyasi proseslərin vəziyyətinə münasibət bildirib.

Politoloq hesab edir ki, bu proseslər mürəkkəb olaraq qalır:

“Nikol Paşinyan Qərbdən gözlədiyi tam dəstəyi ala bilmir və getdikcə proseslər onun əleyhinə işləyir. Özlərini demokrat adlandıran elektorat ölkədə bir hakimiyyətlilik formalaşdırır. Nikol Paşinyan hazırda özünü qanunlardan da ali sayaraq yalnız, öz sisteminin möhkəmlənməsinə çalışır. Onun “Qarabağ klanı” ilə siyasi mübarizəsi yeni qarşıdurma müstəvisinə keçir. Belə ki, işğal olunmuş ərazilərdə qondarma rejimdə keçiriləcək “prezident seçki”lərində öz namizədinin qalib gəlməsinə çalışır. Gələn ilə kimi Köçəryanı həbsdə saxlamaqla Qarabağ klanının Xankəndindəki nəvəsini zərərsizləşdirməyə çalışır. Bu istiqamətdə Sarkisyanın düşməni Samvel Babayanın əli ilə Xankəndində nümayişlərə start verməyə başlayıb. Bununla o, Bako Saakyan və Vitali Balansanyanın növbəti planının qarşısına Samvel Babayanı çıxarır”.

M. Əsədullazadə Rusiyanın proseslərə necə müdaxilə etməsinə də aydınlıq gətirib:

“Paşinyan Xankəndində qondarma qurumda öz adamını rəhbər gətirə bilsə, Köçəryanı həbsdən azad edəcək. Ancaq Qarabağ klanı tam zəifləmiş olacaq. Kreml isə soyuqlar yaxınlaşdıqca Paşinyana qarşı enerji daşıyıcılarının qiymətlərini qaldıracaq. Məhz bu təzyiqi neytrallaşdırmaq üçün Paşinyan Tehrandan istehlak üçün qaz anlaşmasına gedir”.

Politoloq vurğulayıb ki, Ermənistanda mövcud vəziyyət Paşinyanın Qarabağ münaqişəsinin nizamlanmasında hər hansı bir müsbət təşəbbüsü olmayacağını göstərir:

“Paşinyan Qarabağda öz adamını rəhbərliyə gətirə bilsə, danışıqlarda müəyyən proseslər canlana bilər. Hazırda Paşinyan danışıqlarda maraqlı deyil və növbəti işğal olunmuş ərazilərdə seçki şousuna gedir. Burada Qarabağ klanı ilə ölüm-dirim mübarizəsi başlayacaq”.

Politoloq Azərbaycanın cəbhədə təzyiqə getməməsinin səbəblərinə də aydınlıq gətirib:

“Xarici işlər nazirlərinin Vaşinqton görüşündə gizli detallarda məhz atəşkəsə tam riayət olunmasının razılaşdırılmasının arxasında yeni bir mərhələnin olduğu nəzərə çarpır”.

Firuzə Vahid / REDAKTOR.AZ