Bu səbəblər Bakının QİYMƏTİNİ ARTIRIR

 17:06 11.07.2019     474

Azərbaycan  təkcə yerləşdiyi regionda deyil, daha geniş miqyasda sabitləşdirici rol oynayır.

Beynəlxalq münasibətlər üzrə ekspert Yeganə Hacıyeva Redaktor.az-a NATO ilə Rusiya arasında danışıqlar aparmaq üçün məkan kimi yenə də Azərbaycanın seçilməsinin səbəblərinə aydınlıq gətirib.

Ekspert hesab edir ki, Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin obyektiv səbəbləri mövcuddur:

“Daha öncələr də rəsmi Bakı NATO və Rusiya komandanlarının Yaxın Şərq və Mərkəzi Asiya üzrə məsələlərin müzakirəsinə üç dəfə ev sahibliyi edib. Bu görüşlərin hər birindən sonra tərəflər ayrılıqda hər biri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə görüşüb, müzakirə olunan mövzular ətrafında fikir mübadiləsi aparıb. Çoxsaylı  beynəlxalq və regional formatlarda planetimizin qaynar ocaqları, konfliktli situatsiyalar ilə üzləşən ölkələr, iştirakçı tərəflər həll variantlarının müzakirəsi üçün Azərbaycanı seçir. Azərbaycan beynəlxalq humanitar, siyasi, iqtisadi, hərbi və təhlükəsizlik  qurumlarının  nümayəndələrin iştirak etdiyi tədbirlərə ev sahibliyi edir. Bakı regionlar və qlobal səviyyədə  sabitlik və inkişafın təmin edilməsi yollarının müzakirəsi  üçün bir platform rolunu oynamaqla, dünyada sülhün və əmin-amanlığın bərqərar olması üçün öz töhhfəsini verir. Bu da danılmaz həqiqətdir ki, sülh və dialoq məkanı kimi növbəti dəfə Bakının seçilməsi Azərbaycanın beynəlxalq miqyasda rolunu və nüfuzunu daha da artıran amillərdəndir”.

Y. Hacıyeva vurğulayıb ki, istər qlobal siyasi, iqtisadi, istərsə də hərbi güc mərkəzlərinin  cari və xüsusilə həssas mövzuların müzakirəsi üçün Bakını seçməsi təsadüfi deyil:

“Tarixən istər müharibələr, istərsə də siyasi-iqtisadi münaqişədə tərəflərin müzakirə üçün  görüşlərini strateji məkanlarda, təhlükəsiz və neytral zonalarda keçirmək adət-ənənəsi mövcuddur. Cənubi Qafqaz Avropa ilə Asiya və Yaxın Şərq regionu arasında mühüm nəqliyyat dəhlizi olan qitələrarası qovşaq, tampon zona və keçid adlandırdığımız strateji coğrafi regiondur. Yəni Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır. Bu regionda istənilən marağlı qüvvə Asiya, Avropa və Yaxın Şərq arasında balansı qorumuş olur. Cənubi Qafqazın ən strateji ölkəsi, regionun  nüfuzlu iqtisadi, siyasi mərkəzi kimi Azərbaycan öz milli maraqlarına xidmət edən balanslı, çoxvektorlu xarici siyasət həyata keçirir”.

Ekspert bildirib ki, bu, Azərbaycanı Cənubi Qafqazın digər iki ölkəsindən fərqləndirən amildir:

“Azərbaycan öz maraqlarına uyğun siyasət yürüdür. Biz istər Rusiya, istərsə də  ABŞ-la öz maraqlarımızın ətrafında qarşlıqlı faydalılıq əsasında əməkdaşlıq edirik və bunda israrlıyıq. Azərbaycan nə NATO-nun, nə də  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Lakin ABŞ, Avropa Birliyi və  Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkələrdən biridir. Digər tərəfdən bu tip görüşlərin Bakıda keçirilməsinin ən  əsas səbəblərindən biri Azərbaycan liderinin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol almasıdır”.

Xatırladaq ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters ilə danışıqlar aparıb.

Firuzə Vahid / REDAKTOR.AZ