Putin Zelenskinin zənginə "ODBOY" vermədi... - Oxuyun, telefon söhbəti deyil...

 15:23 12.07.2019     801

Dünən Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. Beləliklə, Zelenski və Putin arasından ilk rəsmi kontakt qurulub.

Bu, Ukrayna-Rusiya münasibətlərində nəyi dəyişəcək?

Politoloq Zaur Məmmədov Redaktor.az-a açıqlamasında bildirib ki, parlament seçkilərindən sonra Ukraynanın Rusiya siyasətinin istiqaməti müəyyənləşəcək: 

“Ukraynada prezident seçkiləri keçiriləndən sonra dünya mətbuatını Zelenskinin Putin ilə hansı siyasətə üstünlük verəcəyi maraqlandırırdı. Hər kəsə bəllidir ki, seçkilərdən əvvəl və seçiləndən sonra bir çox siyasi liderlərin davranışlarında fərqliliklər sezilir. Bu da anlaşılandır. Rusiya-Ukrayna münasibətlərinin necə tənzimlənəcəyi bu gün dünyanın ən aktual mövzusudur desək, yəqin ki, yanılmarıq. Ukrayna dövlətçiliyi qarşısında bu gün çox böyük çağırışlar dayanır. Zelenskinin qarşısında duran bir neçə məsələ var ki, onlar həllini tapmalıdır. Bunlardan biri Ukraynada oturuşmuş oliqarxik sistemi neytrallaşdırmaqdır. Ukraynada heç bir siyasi lider hələ bunu bacarmayıb, yaxud istəməyib. Çünki oliqarxlar siyasi sistemin əsas komponentlərindən biridir”.

Politoloq qeyd edib ki, Zelenskinin həll etməli olduğu əsas problem Ukraynanın ərazi bütövlüyünü bərpa etməkdir:

“Buna görə də Putin və Zelenski arasında kontakt qurulmalı idi. Zelenski prezident seçilməsindən xeyli vaxt keçəndən sonra Putinə zəng etdi və onlar arasında əsas müzakirə mövzusu Ukraynanın cənub-şərqi və Donbasla bağlı məsələlər oldu. Eyni zamanda humanitar məsələləri də iki lider müzakirə etməyi unutmayıb. Əsir düşənlərin geri qaytarılması hər iki dövləti narahat edən məsələdir. Yaxın vaxtlarda Putin və Zelenski arasında görüş keçirilməsi də gözləniləndir. Bu görüşdə artıq onlar ətraflı şəkildə problemləri müzakirə edəcəklər. Görüşdən sonra ikitərəfli münasibətlərdə yumşalma hiss olunacaq”.

Z. Məmmədov bildirib ki, Ukrayananı qarşıda parlament seçkiləri gözləyir:

“Parlament seçkilərinə qədər Rusiya-Ukrayna münasibətlərində irəliləyişin olacağını düşünmürəm. Amma parlament seçkilərindən sonra məhz cənub-şərqi Ukraynada, Donbasda baş verənlərlə bağlı Moskva və Kiyev arasında sıx kontakt qurulacaq. Münasibətlərin necə tənzimlənməsi parlament seçkilərinin nəticələrindən asılıdır”.

Firuzə Vahid / REDAKTOR.AZ