Dini konfessiya rəhbərlərinə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı təqdim olunub

 13:10 12.07.2019  12

İyulun 12-də Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif  edilmiş din xadimlərinə medalların Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) təqdimetmə mərasimi keçirilib.

Komitədən Redaktor.az-a bildirilib ki, tədbirdə Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ yəhudilər dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalının əhəmiyyətindən danışıb. Komitə sədri qeyd edib ki, dövlət başçısının adıçəkilən medalın təsis edilməsi haqqında Sərəncamı Prezident İlham Əliyevin şanlı keçmişimizə, dövlətçilik tariximizə verdiyi yüksək dəyərin göstəricisidir.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının tariximizin şərəfli səhifəsi olduğunu diqqətə çatdıran Dövlət Komitəsinin sədri bildirib ki, ölkə Prezidentinin imzaladığı müvafiq Sərəncama əsasən ötən il AXC-nin 100 illik yubileyi böyük təntənə ilə qeyd olunub. Mübariz Qurbanlı onu da vurğulayıb ki, Xalq Cümhuriyyəti 23 ay yaşamasına baxmayaraq, ölkəmizdə dini sahənin inkişafına da xüsusi qayğı ilə yanaşıb, xalqımızın vicdan azadlığının təmin edilməsi məqsədilə mütərəqqi addımlar atılıb.

Sonra medallar din xadimlərinə təqdim olunub.

Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ yəhudilər dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete təltifə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.