Türkiyəyə gətirilən “S-400”lər bölgədə vəziyyəti dəyişəcək - DİQQƏTLİ OLAQ...

 16:14 12.07.2019     651

Türkiyəyə gətirilən “S-400”lər bölgədə yeni vəziyyətin yaranmasına gətirib çıxaracaq.

Redaktor.az bildirir ki, “Atlas” Araşdırmalar Mərkəzi Rusiyanın “S-400” raketlərinin Türkiyəyə yerləşdirilməsinin nəticələrini təhlil edib.

Təhlildə qeyd olunub ki, bu sıradan bir hadisə deyil:

“Birincisi, bu Rusiya-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoymasıdır. Soyuq müharibə illərində Türkiyə ABŞ-ın strateji müttəfiqi idi. SSRİ-nin dağılması, bölgədə yeni şərtlərin formalaşmasıyla Türkiyənin Amerikadan asılılığı azaldı və Ankara Moskva ilə sıx münasibətlərinin bünövrəsini qoydu. Son 15 ilin gedişatına baxsaq, Türkiyə-Rusiya münasibətləri keyfiyyətcə Türkiyə-ABŞ münasibətlərini üstələyir. Bu həm də Vaşinqtonun yanlış siyasəti ilə bağlıdır”.

Təhlildə qeyd edilib ki, “S-400” sistemi Türkiyənin təhlükəsizliyini və siyasi çəkisini artıracaq:

“İkincisi, Türkiyə Rusiyadan əldə etdiyi texnologiya əsasında özü eyni sistemlərin istehsalına başlayacaq. Digər tərəfdən Türkiyə “S-400” sistemlərinin pulunu elə Rusiyadan aldığı kreditlə ödəyəcək. Bunların heç birini Amerika Türkiyəyə təklif etmirdi. Təsadüfi deyil ki, Amerikanın hazırki prezidenti Donald Tramp böyük səkkizlərin Yaponiyadakı son sammitində hazırki vəziyyətə görə keçmiş prezident Barak Obamanı qınadı. Trampın etirafı Türkiyənin “S-400” məsələsində haqlı olduğunu göstərdi”.

Təhlildə vurğulanıb ki, Türkiyə “S-400” raketlərini əldə etdikdən sonra Amerikanın təzyiqlərinə hazır olmalıdır:

“Üçüncüsü, Tramp Türkiyə ilə münasibətləri daha da gərginləşdirilmək istəmir. Ancaq Konqres və Pentaqon Türkiyəni “S-400” raketlərinə görə cəzalandırmağa çalışacaq. Buna baxmayaraq, zaman keçdikcə Amerika Türkiyənin ərazisində Rusiya raketlərini həzm etmək məcburiyyətində qalacaq və bundan sonra münasibətlərin normallaşma prosesi başlayacaq. Çünki Türkiyə Rusiyadan aldığı “S-400” raketlərinə baxmayaraq Amerikadan da hərbi texnika almağa çalışacaq. Bu isə Amerikanın da maraqlarına uyğundur ki, Türkiyə bazarını itirməsin. Əks halda Ankara Vaşinqtondan ala bilmədiyi hərbi texnikanı da Rusiyadan almağa qərar verəcək”.

Təhlildə son sövdələşmənin Rusiyanın da maraqlarına xidmət etdiyi bildirilib:

“Dördüncüsü, Rusiya NATO-nun əsas dövlətlərindən birinə müasir raket sistemini satdı. Bu, silah bazarında Rusiyanın mövqelərini daha da gücləndirəcək. Təsadüfi deyil ki, Türkiyənin ardınca Hindistan da Rusiyadan “S-400” sistemini almaq istəyir. Beşinci amil isə Azərbaycanla bağlıdır. Türkiyənin müdafiə qabiliyyətini artırması heç şübhəsiz müttəfiqi Azərbaycanın da maraqlarına xidmət edir. Türkiyə “S-400” raketlərini gələcəkdə özü istehsal etməyə başlayacağı halda əldə edəcəyi məhsulı Azərbaycanla da bölüşəcək. Bu Azərbaycanın təhlükəsizlik imkanlarını artıracaq. Digər tərəfdən artan Rusiya – Türkiyə hərbi əməkdaşlığının Cənubi Qafqazdakı proseslərə də müsbət təsirini proqnozlaşdırmaq olar. Rusiya istər-istəməz Türkiyənin Cənubi Qafqazdakı maraqlarını nəzərə almağa başlamalıdır. Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı daha üst səviyyəyə qaldırarsa, Rusiya buna etiraz etməməlidir”.

Firuzə Vahid / REDAKTOR.AZ