Türkiyə çətin dönəmdə... - ONU BAĞIŞLAMAQ OLARMI?

 10:55 16.07.2019     2448

Dünyanın ayrı-ayrı ölkələrində müstəqil siyasət yürüdən liderlərə qarşı tez-tez təxribatlar törədilir.

Politoloq Zaur Məmmədov Redaktor.az-a açıqlamasında 15 iyul Türkiyədə hərbi çevrilişə cəhd hadisələrinə münasibət bildirib. Politoloq hesab edir ki, dünyada müstəqil siyasət yürüdən liderlərdən biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır:

“O, Türkiyə daxilində və xaricində ölkəsinin milli və dövlətçilik maraqlarını nəzərə alan siyasət yürüdür. Lider kimi Ərdoğan dünyanın bir çox qruplaşmalarını razı sala bilməz. Ərdoğan gələndən sonra Türkiyə müstəqil siyasət aparmağa başlayıb, çox böyük infrastruktur layihələrinə imza atıb, kənd təsərrüfatı və sənayeni inkişaf etdirib. Bu gün Türkiyə iqtisadi cəhətdən dünyanın ən güclü inkişaf etməkdə olan ölkələri siyahısında liderdir. Bundan başqa Türkiyə uğurlu şəkildə Suriyada, İraqda PKK-PYD-yə qarşı mübarizə aparır. Türkiyənin daxilində də kürd terrorçu qruplarına qarşı mübarizənin güclənməsinin şahidiyik. Ümumiyyətlə, istər daxildə etnik siyasətdə, istərsə də xarici ölkələrlə siyasətdə Türkiyənin tutduğu mövqe göz qabağındadır”.

Politoloq qeyd edib ki, uzun illərdir Türkiyə NATO-nun şərq cəbhəsi və Qərb ölkələrinin əsas müttəfiqlərindən biri sayılırdı:

“Ancaq hadisələr Qərb ölkələrinin əslində rəsmi Ankaradan istifadə etdiyini göstərdi. Onlar lazım olanda Türkiyənin yanında dayanmırdılar. Hələ bu olaylardan əvvəl rus helikopterinin vurulması, Suriyadakı miqrant böhranı PKK-nın açıq-aşkar Türkiyəyə müharibə etməsi qarşısında ABŞ-ın və NATO-nun susqunluğuinun dəfələrlə şahidi olmuşuq. Eyni zamanda özlərini Türkiyənin müttəfiqi adlandıran Qərb ölkələri rəsmi Ankaraya silah satmamaları ilə bu ölkənin Çin və Rusiya ilə hərbi-siyasi əməkdaşlığı genişləndirməsinə şərait yaratdılar. Artıq “S-400”lərin Türkiyəyə gətirilməsinin şahidi olmuşuq. Yəni real olaraq Ərdoğan hər kəsə sübut etmiş oldu ki, Türkiyə öz partnyorlarından real addımlar istəyir. Lakin bu addımların olmaması Türkiyəni başqa istiqamətlərdə siyasət aparmağa sövq edir”.

Z. Məmmədov vurğulayıb ki, 3 il əvvəl baş verən hadisələr Türkiyə tarixində dövlətçiliyə qarşı çevriliş cəhdi idi:

“Lakin qiyamçılar bunu bacarmadılar. Məsələ burasındadır ki, biz bundan sonra da bir neçə dəfə, eyni zamanda gələcəkdə də Ərdoğana qarşı təxribatların olmasını gözləyə bilərik. Ankara son zamanlar dünya miqyasında qlobal layihələrin reallaşdırılması ilə məşğuldur. Ərdoğan öz siyasəti ilə  Türkiyənin milli maraqlarını başqa dövlətlərin maraqlarına qurban vermir. Azərbaycan üçün güclü Türkiyənin olması vacib amillərdəndir. Güclü Türkiyənin olması güclü Azərbaycanın olması deməkdir”.

Politoloq bildirib ki, eyni zamanda 15 iyul hadisələri Türkiyənin dostunun və düşmənin kim olduğunu ortaya qoydu:

“Son 3 ildə Türkiyə xarici siyasətində (istər iqtisadi, istər siyasi, istər hərbi və s.) Rusiyanın rolu artmaqdadır. Ankara və Moskva arasında olan bugünkü münasibətlər strateji tərəfdaşlıq anlamına gəlir. Türkiyə və Rusiya tarixlərində bu cür isti münasibətlərin şahidi olmamışıq. Bir çoxlarının bunu taktiki gediş adlandırmasına baxmayaraq, “S-400” kimi hərbi sistemlərin satılması, gələcəkdə “S-500”-lə bağlı iki ölkə arasında ola biləcək anlaşma Türkiyə və Rusiya təhlükəsizlik sistemlərinin bir-birinə daha çox inteqrasiya olmasına gətirib çıxaracaq. Bu istiqamətdə Türkiyə yaxın illərdə bir çox qlobal oyunçuların hədəfinə çevrilə bilər. Ümumilikdə, Türkiyə çox çətin və məsuliyyətli illərə qədəm qoymaqdadır”.

Firuzə Vahid / REDAKTOR.AZ