Əsgərimizin atəş açmağa HAQQI VAR İDİ? - Erkin Qədirlidən AÇIQLAMA

 13:55 16.07.2019     3521

Cənubi Qafqazda böyük dövlətlərin qarşıdurması gedir.

Redaktor.az bildirir ki, siyasi şərhçi Erkin Qədirli Gürcüstandan Azərbaycana qarşı olan təxribatların arxasında duran qüvvələrin kimliyinə və onların məqsədinə aydınlıq gətirib. E. Qədirli hesab edir ki, Rusiya Azərbaycanla Gürcüstanın arasını vurmaq istəyir:

“Məişətdən tutmuş siyasətə qədər, iki tərəfin arasında mübahisə olanda, həmin mübahisədən yararlanmağa çalışan üçüncü tərəf ortaya çıxır. Üçüncü tərəfin öz maraqları olur, həmin maraqlar mübahisənin birbaşa iştirakçılarının maraqlarından asılı deyil. Üçüncü tərəfin məqsədi hər nədirsə, vasitəsi təxribatdır. Təxribatın məqsədi - başqasını, onun özü üçün haqlı saydığı davranışa vadar etməkdir. Keşikçidağda Gürcüstan da, Azərbaycan da özünü haqlı sayır. Təxribat üçün çox uyğun bir durumdur. Burada üçüncü tərəf Rusiyadır. Gürcüstanda indiki hökumətin Rusiyayla bağlı yanlış siyasəti bu ölkəni Rusiyadan çox asılı duruma gətirib çıxarıb”.

E. Qədirli qeyd edib ki, Cənubi Qafqazda Rusiya və Qərb qarşıdurması yaşanır:

“Ermənistan hazırda Rusiyanın əlindədir. Gürcüstan Qərbə doğru getdiyini desə də, Saakaşvillidən sonra faktiki olaraq Rusiyanın təsiri altına düşüb. Ermənistanın da, Gürcüstanın da qərbyönümlülüyü daha çox ritorikdir - ikisi də iş görməkdən daha çox danışırlar. Bölgəmizdə Qərb üçün ən önəmli ölkə Azərbaycandır. Azərbaycan az danışır, amma Qərb üçün ən çox iş görən ölkədir. Gürcüstanı da ayaqda tutan Azərbaycandır. Bunu, təbii ki, ilk növbədə öz maraqlarımız üçün edirik, amma burada maraqlarımız Qərblə üst-üstə düşür. Təəssüf ki, bunların mənfi yan təsirləri də var.. Mütəllibovdan sonra ölkəmizdə Prezident olmuş heç bir rəhbər Rusiyayönümlü siyasət yürütməyib. Azərbaycan Qərbə çox bağlıdır, ona görə də Rusiya buraya birbaşa girə bilmir, Ermənistandan vasitə kimi istifadə edir. İran da bunun eynisini etməyə çalışır”.

E. Qədirli vurğulayıb ki, gürcülərin şovinizmi, dindarlığı, ilk fürsətdə bizə qarşı çıxa biləcəkləri hər zaman yaxşı bilinib:

“Burada hazırlıqsız yaxalandığımızı düşünmürəm. Azərbaycan sərhədçisinin atəş açmaması, müqavimət göstərməməsi doğru davranışdır. Atəş açmağa haqqı vardı, amma haqq hər şeydən üstün deyil. Kontekst önəmlidir. Rusiya Azərbaycanla Gürcüstanın arasını vurmaq istəyir. Zamanı da uyğun seçib. Son zamanlara qədər edə bilmirdi, çünki Saakaşvilli Rusiyanı Gürcüstandan uzaq tuturdu. İndiki hökumətin yanlış siyasəti nəticəsində Rusiya Gürcüstan iqtisadiyyatında, o cümlədən enerji sektorunda, önəmli üstünlüklər əldə edə bilib. Ayrıca, Gürcüstan toplumunda təsiri az olmayan rusiyayönümlü qruplar var”.

E Qədirli bildirib ki, Gürcü Kilsəsinin siyasi səhnədə rolu böyükdür:

“Gürcü Kilsəsi Rus Kilsəsinin (əslində, elə Rusiyanın) maraqlarını nəzərə almalı olur. Örnəyi, Ukrayna Kilsəsini tanımır. Gürcü dindarlarının oradakı soydaşlarımıza mənfi münasibəti də məlumdur. Gürcülərin “David Qareci”, bizimsə “Keşikçi Dağ” adlandırdığımız yer, bizim üçün dini önəm daşımır, amma gürcülər ona dini gözlə baxırlar. Burada duyğuların həcmi, yönü və gərginliyi bizim xeyrimizə deyil. Rusiya bunu yaxşı bilir, ona görə də oradan bir münaqişənin çıxmasına çalışır. Rusiya Azərbaycanın gücünü əsas hədəfdən (Ermənistandan) yayındırmaq istəyir”.

E. Qədirli vurğulayıb ki, Gürcüstan, indiki hökumətinin yanlış siyasəti nəticəsində, Rusiyanın bizə qarşı oynuna gəlir:

“Rusiya gürcülərin stereotiplərində ustalıqla oynayır. Bizim stereotiplərimizdə oynaya bilmir, çünki: 1) Ermənilərlə qarşıdurmamızda Ermənistanın açıq müttəfiqi olması faktından doğan fürsətlər məhdudiyyətini bilir; 2) ölkəmizin iç bazarında önəmli payı yoxdur, ona görə də birbaşa təsir imkanları azdır; 3) dini fərqlərin olmasından duyğularımızla oynaya bilmir; 4) strateji olaraq Türkiyəyə bağlılığımızı bilir; 5) İsraillə hesablaşır (Rusiyanın bizə mümkün təzyiqinin qarşınının alınmasında İsrailin rolu böyükdür); 5) Rusiyanın ölkəmizdə dayağı sayıla biləcək müxalifət yoxdur; 6) Nəhəyət, bəzi məsələlərdə (örnəyi, Türkiyəylə münasibətlərdə, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələlərində) Rusiyanın özünün Azərbaycana ehtiyacı var. Bununla belə, Rusiyanın strateji məqsədi - Azərbaycanın Qərbə doğru gedən yolunu bağlamaq, ya da, ən azından, çətinləşdirməkdir. Azərbaycanın Qərbə doğru gedən yolu Gürcüstandan keçir”.

E. Qədirli hesab edir ki, Gürcüstana cavabımız yararımıza nəticə doğuracaq qədər təsirli, eyni zamanda da təmkinli olmalıdır:

“Orada və oraya təsir imkanlarımız çoxdur. Rusiyanın təxribatına uyub strateji üstünlüyümüzü itirməməliyik”.

Firuzə Vahid / REDAKTOR.AZ