ARALIQ qarışır... - Osmanlının varisi Aralıq dənizində KÖHNƏ CƏBHƏYƏ QARŞI

 15:03 16.07.2019     2493

Türkiyə Aralıq dənizinin şərqində, Kipr sahillərində qazma (neft) işlərinə davam edəcək.

Politoloq Əhəd Məmmədli Redaktor.az-a açıqlamasında Avropa Birliyinin Türkiyə ilə danışıqları bütün mərhələlərdə dayandırması ilə bağlı qərarına münasibət bildirib. Politoloq hesab edir ki, nə Amerika, nə Avropa Türkiyə üçün bu işlərin davam etdirilməsində mane deyil:

“Avropanın Türkiyə və Rusiya ilə münasibətlərinin müqayisəsi üçün gərək XV-XVI əsrlərə səyahət edək. O vaxt Avropada Osmanlıya qarşı "Müqəddəs İttifaq" qurulmuşdu. Hansı ki, Rusiya da bu ittifaqa daxil idi. Hədəf Osmanlının süqutu, İstanbulun qaytarılması idi. İttifaqda olan ölkələr 3-4 əsrə birinciyə nail oldular, ikinciyə isə nail ola bilmədilər. Avropa xristian qitəsidir və bu xristian qitəsi heç vaxt müsəlman Türkiyəsini qəbul etməyib. Rusiya Avropaya həmişə Türkiyədən bir köynək yaxın olub. Avropa lazım gələndə Rusiyanın Krımı, Donbası işğal etməsinə göz yumur, amma daha çox əvvəl baş vermiş Şimali Kiprə türk qoşunlarının yerləşdirilməsini hələ də həzm edə bilmir”.

Ə. Məmmədli vurğulayıb ki, Kipr əsrlərdir Osmanlının ərazisi olub:

“Türkiyə də Osmanlının varisidir. O bölgədə neft yataqlarını Türkiyə qazmalıdır. Başqa kim qazacaq ki? Britaniya özündən min kilometrlərlə uzaqda yerləşən Hörmüz körfəzinə hərbi gəmilərini göndərə bilər, Fransa özündən çox uzaqda olan Afrika sahillərində nə istəyir onu edə bilər, Türkiyə düz yanında olan dənizdə heç nə edə bilməz?! Osmanlı dağılandan sonra bu xristian dövlətləri Türkiyəni təkləməyə çalışırlar. Artıq onları silkələyib ayıltmaq lazımdır. Türkiyə də məhz bununla məşğuldur”.

Politoloq bildirib ki, artıq Türkiyə əvvəlki ortabab, Qərbə möhtac ölkə deyil:

“ Son 20 ildə Türkiyə yenidən böyük dövlətə çevrilməkdədir. Türkiyə Avropa, Afrika, Asiyada, ümumiyyətlə, dünyanın hər yerində özünü böyük dövlət kimi aparmağa başlayıb. Qərbi də narahat edən budur”.

Xatırladaq ki, Avropa Birıliyi Türkiyə ilə danışıqları bütün mərhələlərdə dayandırıb və bu haqda məlumatı rəsmi saytında yerləşdirib. Buna səbəb Türkiyənin Aralıq dənizinin şərqində, Kipr sahillərində qazma (neft) işlərinə davam etməsidir.

Firuzə Vahid / REDAKTOR.AZ