Keşikçi Dağda baş verənlər UTANCVERİCİDİR - Ekspert və hərbçilər QARŞI-QARŞIYA

 18:34 16.07.2019     1037

Keşikçi Dağda gürcülərin əsgərlərimizə hücumu ictimaiyyət arasında müzakirələrə yol açıb.

Məsələ burasındadır ki, özlərini dinc insanlar kimi qələmə verən kütlə, hərbçilərimizin silahlarını əllərindən alaraq, onlara qarşı təhqiramiz ifadələr səsləndirib. Bəzi dairələr əsgərlərimizin müqavimət göstərməməsini narazılıqla qarşılayıb. Lakin bunun əksinin düşünənlər də var.

Bəs əslində əsgərlərin silahını təhvil verməsi doğru addım idimi?

Məsələ ilə bağlı Redaktor.az saytı politoloqlar, siyasi şərhçilər, ekspertlər və hərbçilər arasında sorğu keçirib. Onların sorğuya cavabı aşağıdakı kimi olub:

Hərbi ekspert Ramil Məmmədli:

“Bu və buna bənzər hallar dünya ölkələri arasında zaman-zaman olub. Belə hallar bəzi ölkələr arasında müharibənin başlanğıcı, bəzilərində isə sülhün başlanğıcı kimi tarixdə qalıb. O ki qaldı Azərbaycan sərhədçisinin adekvat hərəkətinə, bunu istənilən formada analiz etmək olar. Mən isə düşünürəm ki, sərhədçi nizamnaməyə uyğun hərəkət etsəydi, Azərbaycanla Gürcüstan müharibənin astanasında idi. Lakin səbrli davranmaqla, gələcəkdə barəsində deyiləcək tənqid və təhqirlərə rəğmən, o, bu gün iki xalqın bir-birinin qanını tökməsinin qarşısını aldı. Yəni, Azərbaycan əsgəri hökumətləri məcbur etdi ki, problemin qanla həllinin qarşısını alsınlar. Bu gün populist çıxış edənlər “papaqlarını” qarşılarına qoyub düşünməlidir, bu münaqişə bizə lazımdırmı?! Azərbaycan dövləti lazımi tədbirləri görəcək və rəsmi Tiflis orada təxribat yaradan qruplaşmaları zərəsizləşdirəcək”.

“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli:

“Bütün hallarda təmkinli olmaq lazımdır. Rusiya və İranın Cənubi Qafqazda at oynatmaları üçün ölkələrimiz, xalqlarımız arasında münasibətin pozulması ilkin şərtdir. Bu xəyanət planını İvanişvili komandası həyata keçirməyi öz öhdəsinə götürüb. Görünən budur. Sərhədçilərimizin soyuqqanlı davranışları bu plandan xəbərdar olduqlarına işarədir. Qafqazın sağlam gələcəyi millətimizin üzərindədir. Əsgərlərimiz Azərbaycan-Gücüstan arasındakı dostluq münasibətlərinə sədaqət nümayiş etdirərək səbr və təmkin göstəriblər. Söz yox ki, sərhəd namusdur, müqəddəsdir, amma burda məncə təxribatların qarşısının alınması məqsədi ilə əsgərlərimiz sadəcə səssiz qalmaq göstərişi alıblar. Əsgərlərimiz heç də aciz deyillər, sadəcə işini bilən insanlardır və ağıl nümayiş etdiriblər. Açılan bir güllə bəlkə də çox böyük insidentlərə gətirib çıxara bilərdi”.

Siyasi şərhçi Erkin Qədirli:

“Problem ondadır ki, əsgərimiz atəş açsaydı, günahı yenə özümüzdə axtaracaqdıq. Belə məsələlərdə duyğulara üstünlük vermək olmaz. Onsuz da duyğularımız vektorsuzdur, çox zaman da özümüzə ziyan vurur”.

Ekspert Natiq Cəfərli:

“Şimal qonşumuz və onların Qafqazdakı uşağı ermənilərlə birgə (ya da, onların əli ilə) Gürcüstan və Azərbaycan arasında atəş açılmasını, qan tökülməsini istəyir. Kim ilk atəş açsa, kim ilk qan töksə, o da uduzacaq. Heç kim silahı alınıb-qaytarılan əsgərə yüklənməsin, onu cəzalandırmağı tələb etməsin, bu dövlət də, əsgər də bizimdir.

Bu hadisə milli qürur, milli nüfuz söhbəti deyil. XXI əsrdə nüfuz mənbəyi çoxçeşidli istehsal və ixrac potensialı, qürur yeri isə adambaşına düşən ÜDM-in yüksək həddidir”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov:

“Hər posta, sərhədə aid olan nizamnamə var. Hər hansı xidməti aparan əsgər,silahlı xidmət aparırsa, o silah ona öz vəzifə borcunu təyinatı üzrə yerinə yetirməsi üçün verilir. Buna ehtiyac olmasaydı, əsgərlər orada silahsız gəzərdilər. Silah verilirsə, deməli nəzərə alınır ki, orada silah istifadə oluna bilər. Silahın xüsusi istifadə qaydalarında nə yazıldığını bilmirəm. Çünki fərqli yanaşmalar ola bilər. Bir tərəfdən baxanda əsgərin silahı verməsi çox pis hadisədir. Bunu əsgərin vəzifə borcunu yerinə yetirməməsi kimi qiymətləndirmək olar. Ancaq hadisələr Gürcüstanla sərhəddə baş verib. Gürcüstan isə Azərbaycana düşmən ölkə deyil. Burada sərhəd telləri də qurulmayıb. Bu cür faktları nəzərə alaraq, əsgərlərin qınanmasını doğru hesab etmirəm. Əsas nəticədir. Bu məsələ hazırda qanun çərçivəsidə hər iki dövlət arasında müəyyən şəkildə həll olunacaq.

Bəziləri elə bilir ki, əsgər silah alıbsa, deməli mütləq atmalıdır. Amma atəş açmazdan öncə onun nəticəsi düşünülməlidir. Əsgərlərimiz yaranan vəziyyətə görə düzgün addım atıblar.  Çünki sərhədçilərdən yaranan şəraiti nəzərə alaraq, addım atılması tələb olunur. Neçə illərdir Gürcüstanla sərhəd olsaq da, Keşikçi Dağ məsələsi indi gündəmə gəlib. Deməli bu məsələni qaldıran qüvvələrin hansısa bir məqsədi var. Bu məsələ qısa zaman ərzində qanuni şəkildə həll olunmalıdır”.

Qarabağ Qazisi Rey Kərimoğlu:

"Əslində dünən Keşikçi Dağda baş verənlər bizim üçün çox utancverici hadisədir. Belə olmamalı idi. Həmin ərazidə bundan öncə də təxribat olmuşdu. Sərhəd Xidmətinin rəhbərliyi bununla bağlı qabaqlayıcı tədbirlər hazırlamalı idi. Burada növbəti ola biləcək təxribatlara hazırlıq işləri görülməli idi. Doğrudur, əsgərin atəş açması daha pis nəticələrə gətirib çıxarardı. Ancaq bunun da çıxış yolları var.

Sərhəd Qoşunlarının xüsusi təyinatlıları var ki, onlar əvvəlcədən ərazidə müxtəlif əməliyyatlar keçirə bilərdi. Bununla da qabaqlayıcı tədbirlər görülmüş olardı. Bütün hallarda dünənki hadisə olmamalı idi. Burada təkcə əsgəri günahlandırmaq doğru deyil. Əsgəri çarəsiz vəziyyətdə qoyan Sərhəd Xidmətinin komandanlığını günahlandırmalıyıq. Amma bir məsələ var ki, əsgər silahı əlindən nə olur-olsun, verməməlidir. Əsgər bunu heç bir halda etməməlidir. Buna haqq qazandırmaq mümkün deyil. Əsgərin bu cür aciz duruma salınmasının günahkarı isə ərazidə xidmət çəkən rəhbər şəxslərdir.

Firuzə Vahid / REDAKTOR.AZ