Azərbaycan və Gürcüstanla bağlı PUÇA ÇIXAN PLANLAR - Provokasiyaya CƏHDİ

 18:50 16.07.2019     630

Bu gün Gürcüstan hamıya yaxşı məlum olan aktorlar üçün ölüm-dirim arenasına daxil olmaqdadır.

Politoloq Zaur Məmmədov Redaktor.az-a açıqlamasında Gürcüstan və Azərbaycan münasibətlərinin bundan sonra hansı xətt üzrə inkişaf edəcəyinə aydınlıq gətirib. Politoloq hesab edir ki, Cənubi Qafqazda mövcud konfiqurasiya ilə barışa bilməyən ən azı 3 dövləti narahat etməkdədir:

“Analitik mərkəzlər və xüsusi institutlar tərəfindən Gürcüstanla Azərbaycan arasında münasibətlərin zəifləməsi üçün bir neçə istiqamətdə fəaliyyətə start verilib. Əsas məsələ münasibətlərə xələl gətirmək, Keşikçi Dağ məsələsini sanki Gürcüstan dövlətçiliyi qarşısında duran ən böyük çağırış kimi qələmə verməkdir. Bu bir neçə istiqamətdə baş verir. Bəzi gürcü və ya gürcüləşmiş siyasətçilər geosiyasi oyunların obyekti olaraq provokasiya xarakterli çıxışlar edərək ictimaiyyət arasında dolaşan qınaq obyektlərinin istiqamətini dəyişmək və fikri yayındırmaqla məşğuldur. Eyni zamanda, qondarma gürcü millətçilərinin sərhədyanı ərazilərdə və facebook sosial şəbəkəsində iki ölkə arasında provokasiyaya əl atmaları da planlara daxildir”.

Politoloq istisna etmir ki, sərhəddəki son hadisə zamanı bu qruplar Azərbaycan sərhədçilərinin atəş açmasına nail olmaq istəyirdi:

“Onların əsas məqsədi sərhəddəki son insidenti başqa istiqamətə yönəltmək idi ki, bizim tərəfdən yüksək ustalıq provokasiyanın alovlanmasına imkan vermədi. Ermənistan tərəfindən mütəmadi olaraq, Gürcüstan ərazisində yeni hökumətin bəzi üzvlərinin iştirakı ilə Azərbaycana qarşı addımlar atılır, çıxışlar edilir. Gürcüstanda heç bir nüfuza malik olmayan partiyalar öz reytinqini qaldırmaq üçün populizmdən istifadə edərək, azərbaycanlıları təhqir edir, tarixi saxtalaşdırmağa çalışırlar. İstər 1918-1920, istərsə də 1991-ci ildən sonra ermənilər Gürcüstanın ərazi bütövlüyünə ən böyük təhdid olub. 2008-ci ildə Gürcüstanda Osetiya və Abxaziya münaqişəsi zamanı ermənilər əks tərəfin yanında yer alıb. Bütün bunları bəzi gürcülər yaddan çıxarıblar. Onlar Azərbaycanla dostluq münasibətlərinə xələl gətirmək istəyir, gürcü xalqının milli maraqlarını nəzərə almırlar. Azərbaycan bu məsələdə soyuqqanlı və düşünülmüş siyasət yürüdür”.

Z. Məmmədov qeyd edib ki, son zamanlar Gürcüstan çox həssas dövrə qədəm qoyub:

“Son iki ildə Cənubi Qafqazın Çin - Avropa ticarət yolunda və Cənubi Avropanın enerji təhlükəsizliyində rolunun artdığını nəzərə alsaq, bu kimi provokasiyaların yaxın aylarda da davam edəcəyi gözləniləndir.

Regiona yaxın bölgələrdə geosiyasi güclər arasında mübarizə artıq Qara dəniz-Cənubi Qafqaz regionunda davam edəcək. Anaklia və Vaziani kimi geoiqtisadi və hərbi layihələrlə bağlı siyasi qarşıdurma tonusunun artacağı ehtimalı yüksəkdir. Çünki, bu layihələr beynəlxalq aktorlardan kimlər üçünsə qələbə, kimlər üçünsə ciddi məğlubiyyət ola bilər. Geosiyasi güclər arasında mübarizənin çox həssas olduğu bir məqamda Azərbaycan Respublikasının xarici siyasəti bir çox dövlətlər üçün örnək olmalı, mövcud maraq və təkliflər nəzərə alınmalıdır. Son zamanlar region ətrafında baş verən hadisələr bir daha göstərir ki, rəsmi Bakının apardığı daxili və xarici siyasət xalqımızın milli maraqlarının reallaşdırılması və milli dövlətçiliyimizin inkişafı üçün ən optimaldır”.

Firuzə Vahid / REDAKTOR.AZ