Gürcüstandan növbəti təxribat gələ bilər... "Sərhəddə XÜSUSİ TƏYİNATLILAR YERLƏŞDİRİLMƏLİDİR"

 11:59 17.07.2019     1552

Nə qədər qəribə görünsə də, Gürcüstanı Qərbdən qoparmağa çalışanlar ilk növbədə onu Azərbaycandan qoparmalıdırlar.

Redaktor.az bildirir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov Gürcüstanla sərhəddə son baş verən hadisələrin detallarına aydınlıq gətirib. Ekspert hesab edir ki, Gürcüstanla sərhəddə baş verənlər açıq-aydın, çılpaqlığı ilə görünən təxribatdır:

“Son bir ildə Gürcüstanda cərayan edən hadisələr prizmasından, xüsusilə son bir-iki ayda cərayan edənlərin bucağından baxaraq bunu görməmək mümkün deyil. Amma bu, son deyil, yeni və daha da həyasız və qıcıqlandırıcılar da olacaq. Çünki, regionda proseslər getdikcə qəlizləşir və ziddiyyətlər daha da artır. Hadisəyə sadəcə Azərbaycan-Gürcüstan münasibətləri və ya hansısa bir gürcünün təxribatı kimi kiçik miqyasdan baxmaq olmaz. Bu hadisələrə və proseslərə emosiyalarla deyil, soyuq başla və qlobal baxmaq lazımdır”.

F. Çıraqov qeyd edib ki, Azərbaycan tərəfi bütün digər milli maraqlar və məsələlər üzrə də tələbkar və həssas olmalıdır:

“Qonşularımızdan fərqli olaraq milli heysiyyat və özünüdərk məsələsi bizdə yenidir, çox gec oyanmışıq. Təmkin sözünü əsla və əsla güzəşt, zəifliklə və əlini-qolunu yanına salmaq kimi eyniləşdirmək və başa düşmək olmaz. Təmkin “strateji səbr” (strategic patience) olub uzun müddətli hədəfləri aydın müəyyən edərək, ona addım-addım yaxınlaşmaq üçün hansı addımların atılmalı olduğunu və özünün hansı zəifliklərinin olduğunu aydın dərk etməkdir. Çinlilərin “gücünü gizlə, vaxtını gözlə” strategiyası kimi... Ətrafımızda düşmənimiz çoxdu, bizi heç kim istəmir və hamı ilə eyni zamanda düşmən ola, savaşa bilmərik”.

Ekspert məsələyə təmkinlə yanaşılmanın əleyhinə olanların fikirlərinə də münasibət bildirib:

“Təmkin sözü bizdə tarixi travma ilə assosasiya olunur və eyniləşdirilir. Bu travma isə sovet dönəmində bizim daha çox beynəlmilləlçi kommunist təbliğatına inanmağımıza görədir. Qonşularımız o təbliğata inanmadı, çünki, milli özünüdərkləri vardı və daha dərindi, bizdə isə yox idi. Nəticədə onu gördük ki, torpaqlarımızda bir dövlət yaradıldı, soydaşlarımız qovuldu, Qarabağımız işğal olundu. İndi ona görə hər məsələyə əsəbi və emosional yanaşırıq. Travmalar milli quruculuqda pozitiv rol da oynaya bilər, amma ağılla olmayanda dağıdıcı da ola bilər”.

F. Çıraqov vurğulayıb ki, Gürcüstanda hazırda cərayan edən proseslərə iki prizmadan baxmaq lazımdır:

“Birincisi beynəlxalq faktordur. Görünən odur ki, Gürcüstanda Obama dövründə Rusiya və Qərb arasında qurulmuş və ya razılaşdırılmış balans, ortaq məxrəc və ya equlibrium pozulub. Tərəflərdən biri və ya hər ikisi əvvəlki status kvodan razı deyil və təsir dairəsini daha da genişləndirməyə çalışır. Obama və Qərb o zaman Saakaşvilinin Rusiya ilə siyasətindən və ritorikasından bezmişdi, Qərb kiçik Gürcüstana görə Rusiya ilə münaqişəyə girmək istəmirdi. Ona görə hər iki tərəfin ortaq fiquru və təsir imkanları olan Bidzina İvanişvili fiquru konsensus kimi razılaşdırıldı. Qarşıdan gələn 2020-ci il həlledici parlament seçkiləri isə güc balansının ölkədə necə bölünəcəyini həll edəcək. Amma Gürcüstanın Qərb vektoru ilə inkişafı Azərbaycansız mümkün deyil”.

Ekspert qeyd edib ki, Gürcüstan daxili siyasəti sadəcə qütbləşməyib, həm də həddindən artıq emosional və kövrək dövrə girib:

“İincisi daxili faktordur. Gürcüstan çalxalanır, hətta 80-ci illərin sonları və 90-cı illərin əvvəli ilə müqayisə də etmək olar. Gürcüstanın daxili siyasəti istər Qərb, istər Rusiyanın, istərsə də digər qüvvələrin birbaşa rahatlıqla müdaxilə edib, müxtəlif siyasi texnologiyaları tətbiq edildiyi bir məkana, laboratoriyaya və poliqona çevrilib. Su çalxalananda hər cür zir-zibil üzə çıxdığı kimi, burada da hər cür marjinal və mənbəyi anlaşılmayan qüvvələr ortaya çıxıb. Cəmi bir-iki ayın içində gah bizimlə problem çıxır, gah Rusiya ilə qarşıdurmaya gedirlər. Ortada da elə bir siyasi avtoritet, fiqur və güc yoxdur ki, ölkəni toparlaya bilsin. Dövlət və siyasətçilər strateji düşünmə qabiliyyətini itirib, müxtəlif çalarlı populizm və onların qarşıdurması siyasi məkanı və ictimai düşüncəni zəbt edib”.

F. Çıraqov bildirib ki, bizə qarşı sərhəddə olan təxribatı gözləmək lazım idi:

“Belə bir təxribat olmalı idi və bəlkə də bundan pis təxribat ola bilər. Ona görə də, əvvəlcədən bütün versiyalar düşünülməlidir. Hətta silahlı təxribat xarakterli hücuma qədər... Əgər hərbi nizamnamə ilə atəş açılmasından maksimum qaçmaq lazımdırsa (yəqin ki, qan tökülməsini çox istəyənlər var), hücum çəkəni əlbəyaxa şəkildə silahsız zərərsizləşdirə biləcək xüsusi təyinatlı əsgərlər qoymaq olardı, elektroşok, dubinka və digər bənzər vasitələr tətbiq edilə bilərdi. Gələcək üçün ümid edək ki, bütün bunlar nəzərə alınacaq. Hər halda bu insidenti öz xeyrimizə çox yaxşı istifadə edə bilərik”.

Firuzə Vahid / REDAKTOR.AZ