"Keşikçidağ" pobleminin HƏLLİ YOLU BUDUR...

 14:24 17.07.2019     1165

Bütün dünyada hər zaman dini bölgələr milliyyətçi qruplar tərəfindən ərazi iddiaları üçün istifadə olunur.

Redaktor.az bildirir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Keçikçi Dağ məbədi ətrafında gürcülərin təxribatçı addımlarına münasibət bildirib. F. Şəfiyev hesab edir ki, iki ölkə arasında Cənubi Qafqaz regionunda başqa bir münaqişənin baş verməsindən məmnun olacaq qüvvələr var:

“İki ölkə arasında gərginliyin artdığı bir vaxtda Cerard Toal və Con Laflinin Ermənistan-Azərbaycan münaqişəsində “çoxsaylı coğrafi ərazilər”ə dair araşdırmalarında vurğuladıqları məqamı qeyd etmək yerinə düşür: “Dini kimliyi özünüifadə və cəmiyyətlərin demarkasiyasında özül kimi istifadə edən müasir milliyyətçilər, həmçinin bir qayda olaraq torpaqlarla bağlı iddialarında dini abidələr və ərazilərdən nişangah kimi istifadə edirlər. Bu kimi strategiyaya malik problemlər milliyyətçiliyi araşdıran alimlərə çox tanışdır. Tarixən dini məkan müasir milliyyətçiliklə assosiasiya olunmuş istisna olunan məkandan fərqlənib. Dini icmalar və hakimiyyətlər daha sonra özləri milli yerdəyişmələr və layihələr üçün əsas rolunu oynayan digər xalqlarla bir araya gələrək birgə yaşayıblar. Bundan başqa dini abidələr heç zaman yalnız dinlə əlaqələndirilməyərək sülalə güc quruluşları ilə bağlı olub”.

Yuxarıda adıçəkilən alimlər daha sonra davam edərək yazırlar: “Erməni kilsəsi Orta Şərq, Anadolu və Qafqazda uzun və qarışıq coğrafi izlərə malikdir… Kilsələr, qəbiristanlıqlar və dini daşlar münaqişə altında olan ərazinin ilk olaraq kimə aid olması ilə bağlı sübut kimi nəzərdən keçirilir və ərazi iddialarının irəli sürülməsi üçün əsas hesab edilir, əks halda bu ərazilər münaqişə predmeti olmazdı. (Gerard Toal and John O’Loughlin, “Land for Peace in Nagorny Karabakh? Political Geographies and Public Attitudes inside a Contested De Facto State.” Territory, Politics, Governance. vol. 1, no. 2, (2013): 170)

Baxmayaraq ki, Ermənistanla Azərbaycan arasında müasir münaqişə ərazi mübahisəsi ilə, daha dəqiq desək, Ermənistanın Azərbaycana məxsus Dağlıq Qarabağ bölgəsinə iddiaları ilə bağlıdır, yuxarıda adıçəkilən 2 nüfuzlu Qərb aliminin dedikləri Keçikçi Dağ ilə əlaqədar gərginlik yaratmaq istəyənlərə xəbərdarlıq olmalıdır”.

F. Şəfiyev qeyd edib ki, Azərbaycan və Gürcüstan hər iki ölkə üçün həyati əhəmiyyət kəsb edən bir çox məsələlərlə bağlı strateji tərəfdaşlığa malikdir:

“Tarixən hər iki ölkə 1989-cu ilin 9 aprel və 1990-cı ilin 20 yanvar hadisələri kimi ortaq acılarla da üzləşiblər. Hər iki ölkənin əraziləri işğal edilib və bunlar iki ölkəni bütün bu məsələləri, o cümlədən sərhədlərin delimitasiyası məsələsini həll etmək üçün birgə işləməyə sövq etməlidir. Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyasının fəlsəfəsi kompleksi bütünlüklə bu və ya digər tərəfə vermək ideyası üzərində qurulmamalıdır. Hər iki tərəf mübahisəli ərazi üzərində mülkiyyət hüququ tələb etmək üçün tarixi və digər sübutlar gətirə bilər. Azərbaycan tərəfində də ərazinin ona məxsus olması ilə bağlı tutarlı hüquqi sübutlar mövcuddur. Dini ərazilər əməkdaşlıq mərkəzi kimi nəzərdən keçirilməli və sərhədlərin toxunulmazlığı, insanların, məhsulların və ideyaların sərhəd boyu azad axını kimi amillər də daxil olmaqla ortaq keçmişin və bu günün ümumi dəyərlərinin məkanı olmalıdır”.

F. Şəfiyev vurğulayıb ki, primitiv milliyyətçiliyin və ya dini fanatizmin qarşısını almaq üçün zəruri tədbirlər irəli sürülməlidir:

“Bu baxımdan rəsmi dini qurumların bu məsləyə dair bəyanatları müsbət qiymətləndirilməli, lakin eyni zamanda bu istiqamətdə səylər artırılmalıdır. Demarkasiya üzrə danışıqlar beynəlxalq hüququn prinsiplərinə əsaslanmalı və Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə yol açmalıdır”.

Firuzə Vahid / REDAKTOR.AZ