Ararat Mirzoyanın ABŞ-a yalvarmasının səbəbləri... - Amerika Ermənistanı bağışlamayacaq

 15:33 17.07.2019     3188

Ermənistanın ikiüzlü, riyakar siyasətini ABŞ cavabsız qoymayacaq.

Sabiq dövlət müşaviri Qabil Hüseynli Redaktor.az-a açıqlamasında Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanın Vaşinqtonda, Atlantik Şurasında çıxışı zamanı ABŞ-ın İrana qarşı tətbiq edilən sanksiyalara görə Ermənistana təzyiq göstərməməli olduğu ilə bağlı çıxışına münasibət bildirib. Sabiq müşavir hesab edir ki, Mirzoyan bu etirafı ilə Ermənistanın rəsmən ABŞ-ın İranla bağlı siyasətinə müxalif ölkələr sırasında dayanmasını göstərdi:

“Ermənistan ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Cənubi Qafqaza səfəri zamanı səsləndirdiyi fikirlərə qoşulmayacaq. Çünki Azərbaycana təcavüzü dövründə İran Ermənistan üçün nəfəslik rolunu oynayırdı. Yəni bu dövrdə İran Ermənistanın ayaqda qalması üçün nə lazımdırsa, etdi. İndi isə borcları qaytarmaq vaxtıdır. Üstəlik də Ermənistanın İrana verəcəyi heç nə yoxdur. Sadəcə, Ermənistan sərhədi açıq saxlamaqla, İran mallarının ölkədə satışına icazə verməklə belə İrana dəstək olacaq. Ermənistan tərəfi Vaşinqtona yalvarmaqla blokadada olduqlarını sübut etməyə çalışır. Burada da öz qara niyyətlərini ortaya qoyurlar. Yəni blokadanın Azərbaycan və Türkiyə tərəfindən yaradıldığını əsas gətirir, buna görə İranla əlaqələri kəsmədiklərini deyirlər. Blokada nəticəsində Ermənistanın boğulduğuna diqqət çəkmək istəyirlər. Yəni buna görə üzlərini İrana çevirmək məcburiyyəti qarşısında qalmalarına ABŞ-ı inandırmağa çalışırlar. Əlbəttə yalvarış tonunda deyilmiş bu sözlər çətin ki, ABŞ tərəfindən rəğbətlə qarşılansın. Çünki hazırda ABŞ üçün İranınm cəzalandırılması qarşıda duran ən strateji məsələdir”.

Politoloq vurğulayıb ki, ABŞ Ermənistanın bölgədə Rusiyanın əlaltısı olduğunu yaxşı başa düşür:

“İran-Ermənistan-Rusiya üçlüyü bölgənin taleyinə təsir edən addımlar atırlar. Bütövlükdə bölgədə yaranan müxtəlif qarşıdurmalar məhz bu üçlük tərəfindən həyata keçirilir. Bu nöqteyi-nəzərdən Ermənistan Parlamentinin sədrinin çıxışı, ABŞ-da yalvarışları heç bir nəticə verməyəcək. ABŞ kinli dövlətdir. Ermənistanın ABŞ üçün taleyüklü günlərdə ona xəyanət etməsini bağışlamayacaq. İlkin addım olaraq, Ermənistana edilən humanitar yardımlar dayandırıla bilər. Eyni zamanda Dağlıq Qarabağ məsələsində də beynəlxalq arenada Azərbaycanın mövqeyi daha da güclənəcək. Son zamanlar mövqelərin ciddi surətdə dəyişməsi buna kiçik bir misaldır. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarların qəbulu tez-tez gündəmə gəlir. Sonuncu belə qərar ATƏT tərəfindən qəbul edildi”.  

Xatırladaq ki, Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Vaşinqtonda, Atlantik Şurasında çıxışı zamanı bildirib ki, ABŞ İrana qarşı tətbiq edilən sanksiyalara görə Ermənistana təzyiq göstərməməlidir.

Firuzə Vahid / REDAKTOR.AZ