Paşinyanın bu etirafı ermənilərin təxribatçı olduğunu SÜBUT ELƏDİ

 17:53 18.07.2019     828

Ermənistan hərbçisi özünü Azərbaycan torpaqlarında heç bir halda rahat hiss etməli deyil.

Analitik Elçin Mirzəbəyli Redaktor.az-a açıqlamasında Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Azərbaycanla sərhəddə təxribat törədilməsinin səbəblərinə aydınlıq gətirib. Analitik hesab edir ki, Ermənilərin atdığı hər güllənin əvəzinə Azərbaycan ordusu daha artığını konkret hədəflərə atmalıdır:

“Bu təxribatın arxasında bir neçə faktor dura bilər. Birincisi, Ermənistan ənənəvi siyasətini davam etdirir. Belə ki, hər dəfə danışıqlar prosesində müəyyən razılaşma əldə olunduqdan sonra növbəti danışıqlar öncəsi prosesi məqsədyönlü şəkildə pozmağa çalışır ki, yenidən 0 nöqtəsinə qayıdılsın. Bununla da keçiriləcək danışıqlarda əsas müzakirə predmeti atəşkəs rejiminin qorunub saxlanması olur. Bu, Ermənistanın bu günə qədər istifadə etdiyi əsas taktikalardan biridir. İkincisi, Ermənistanda hakimiyyətdə olan rejim hazırda ölkədəki proseslərə nəzarət etmək gücündə deyil. Orduda fərqli maraqlar yer alıb və bu maraqlar Ermənistanın indiki hakimiyyətinə müəyyən problemlər yaratmaq üçün məqsədyönlü şəkildə cəbhədə atəşkəsi pozmağa çalışır. Çünki təxribata Azərbaycan tərəfi sərt cavab versə, Paşinyan hakimiyyəti üçün ciddi problemlər yaranar. Bunlar təbii ki, fərziyədir”.

E. Mirzəbəyli vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbçisinə, mülki əhaliyə yetirilən hər hansı bir xəsarətə görə indiki işğal rejiminin başında dayanan Paşinyan hakimiyyəti məsuliyyət daşıyır:

“Hətta Paşinyan da öz çıxışlarından birində qeyd etmişdi ki, cəbhə xəttində Ermənistan tərəfindən təxribat törədilməsi mümkündür. Bununla Paşinyan təmas xəttində bu günə qədər olan təxribatların məhz Ermənistan tərəfindən həyata keçirildiyini etiraf etmişdi. Bununla da o, ölkədə faktiki olaraq hakimiyyətə nəzarət etmək gücündə olmadığını biruzə verilmişdi. İndiki şəraitdə atəşkəsin kim tərəfindən pozulmasından asılı olamayaraq, Paşinyan rejimi məsuliyyət daşıyır. Müxtəlif bəyanatlar, səsləndirilən fikirlər yaxud da mülahizələr Ermənistanı bu məsuliyyətdən azad etmir. Bu baxımdan Ermənistan tərəfi atəşkəs rejiminin bu və ya digər şəkildə pozulmasında maraqlıdırsa, cavabına da hazır olmalıdır”.

Xatırladaq ki, erməni Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan atəş açılmaqla atəşkəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub.

Hadisə zamanı DSX-nın Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov yaralanıb.

Firuzə Vahid / REDAKTOR.AZ