ABŞ Türkiyəni Rusiya, İran və Çinə qurban verəcəkmi? - Türkiyə DALANA SÜRÜKLƏNİR

 12:50 19.07.2019     799

Türkiyə qlobal düşmənlərə qarşı mübarizədə ABŞ-ın dəstəyindən məhrum olacaq.

Hərbi-siyasi icmalçı Ramil Məmmədli Redaktor.az-a açıqlamasında Türkiyə-ABŞ münasibətlərinin hansı xətt üzrə inkişaf edəcəyinə aydınlıq gətirib. R. Məmmədli hesab edir ki, Türkiyənin hərbi-texniki sahədə köhnə müttəfiqləri ilə münasibətləri daha da pisləşəcək:

“Hərbi-siyasi sahədə problemlərin sayı artacaq. ABŞ-la hərbi-texniki sahədə gələcək əməkdaşlıq məsələlərində ciddi suallar yaranacaq. ABŞ-ın Türkiyəni F-35-dən kənarlaşdırması ilə Türkiyə üçün təhdid yox, təcrid məsələləri meydana çıxa bilər. Yəni ABŞ-ın təşəbbüsü ilə həyata keçirilən layihələrdən kənarda qalmaq Türkiyə üçün arzuolunan məsələ deyil. Məhz buna görədir ki, Türkiyənin NATO-dan çıxması ilə bağlı AKP-yə bağlı qüvvələrin çıxışları Ərdoğan hökuməti tərəfindən dəstəklənmədi. Demək istəyirəm ki, son illərdə Türkiyənin ABŞ və Qərblə münasibətlərinin kəskinləşməsində rol oynayan amillər digər düşərgənin xeyrinə olsa da bu, Türkiyə xalqının rifahına xidmət etməyəcək”.

R. Məmmədli qeyd edib ki, Türkiyə hava sərhəddini qismən də olsa S-400-lərlə qoruya biləcək:

“Türkiyə ilə münasibətlərin pisləşməsində ABŞ-ın da kifayət qədər səhvləri var. ABŞ tərəfi bu məsələdə öz səhvlərini araşdırıb. Prezident Trampın bununla bağlı son açıqlaması da bir çox məsələlərə aydınlıq gətirdi. O, burada keçmiş ABŞ hökumətini - Barak Obamanı ittiham etdi. Amma Türkiyə böyük ölkədir və hava hücumundan müdafiənin təşkili üçün əlavə texnologiyalara da ehtiyacı var”.

QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy da məsələ ilə bağlı saytımıza danışıb. N. Cəfərsoy hesab edir ki, proseslər Türkiyə və ABŞ münasibətlərini tamamilə qırılma nöqtəsinə aparmayacaq:

“ABŞ-ın qarşı çıxmasına baxmayaraq, Rusiya ilə əlaqələri genişləndirmək və S-400 almaq rəsmi Ankaranın beynəlxalq aləmdə daha müstəqil hərəkət etmək üçün yürütdüyü dərin strateji siyasətin yansımasıdır. Türkiyə son 70 ildə ABŞ-ın dediklərinə uyğun siyasət yürüdürdü. Buna görə də Türkiyəni kiçik tərəfdaş kimi görən ABŞ-ın rəsmi Ankaranın son addımlarına sərt reaksiya verməsi sürpriz deyil. Amma bu addımların ABŞ-ın Türkiyəni tamamilə itirməsinə qədər gedəcəyini düşünmürəm. Birləşmiş Ştatların bu qədər qarışıq beynəlxalq sistemdə və Yaxın Şərq kimi gərgin bölgədə Türkiyəni Rusiya-İran-Çin xəttinə qurban vermək kimi lüksü yoxdur. Əslində hazırda Türkiyə daxil heç bir ciddi gücün öz müttəfiqlərini qarşı cəbhəyə qurban vermək şansı yoxdur. Xüsusilə də Vaşinqtonun Yaxın Şərqdə əsas strateji pozisiyalarını itirdiyi və İranla münasibətlərin gərginləşdiyi vaxtda bunu etməsi strategiyaya və dövlət siyasi xəttinə ziddir”.

Firuzə Vahid / REDAKTOR.AZ