Böyük dövlətlər Rusiyaya qucaq açır - Krımın ilhaqı HƏZMƏ HAZIRDIR

 20:18 22.08.2019     2479

“Qərb dövlətləri Rusiya ilə bağlı siyasətlərini bir qədər korrektə etməyə çalışır”.

Politoloq Elxan Şahinoğlu Redaktor.az-a açıqlamasında Rusiyanın “Böyük yeddilər”ə qayıtma ehtimallarından  danışıb.

Politoloq hesab edir ki, Qərb Kremli tam itirmək istəmir:

“Fransa prezidenti Emmanuel Makronun rusiyalı həmkarı ilə son görüşündə Rusiyanın “böyük yeddilərə” qayıtmasına tərəfdar olduğunu deməsi Putin üçün bu göydəndüşmə təklifdir. Maraqlıdır ki, bir çox məsələdə Makronla fikir ayrılığı içərisində olan ABŞ prezidenti Donald Tramp da Rusiyanın “böyük yeddilərə” qayıtmasını dəstəkləyir. “Böyük yeddilərin” növbəti sammiti 2020-ci ildə keçiriləcək. Həmin tarixə qədər ABŞ və Fransa o biri dövlətləri də Rusiyanın qayıtmasına razılıq verməyə çalışacaqlar. Fikrimcə, bu müddətdə Kreml də boş dayanmayacaq. Arxasında Paris və Vaşinqtonun dəstəyini hiss edərək Berlin, Tokio və digərlərini yola gətirməyə çalışacaq və bu istiqamətdə diplomatik fəallığını artıracaq”.

Politoloq vurğulayıb ki, bu məsələdə problem başqadır:

“Rusiya 2014-cü ildə Krımı ilhaqına görə “böyük səkkizlərdən” çıxarılmış və klub “böyük yeddilərə” çevrilmişdi. İndi isə belə çıxacaq ki, böyük dövlətlər öz prinsiplərindən vaz keçərək Krımın ilhaqını həzm etməyə hazırdılar. Ümumiyyətlə, hadisələrin gedişatı göstərir ki, Qərb dövlətləri Krımın ilhaqına görə Rusiyaya qarşı 5 ildir sanksiyalar tətbiq etsələr də, artıq öz siyasətlərinə dəyişiklik etmək niyyətindədirlər. Yeni strategiyanın qısa izahı isə belədir: Rusiya prezidentinin siyasətini bəyənmirik, Krımın ilhaqı və Donbas separatçılarına verilən dəstək yanlışdır. Ancaq buna görə Rusiyanı özümüzdən uzaqlaşdırmağımız düzgün deyil. Çünki bu siyasət müsbət nəticə vermir. Rusiya bizdən uzaq qaldıqca rəqiblərimizlə, o cümlədən Çinlə yaxınlaşır. Ona görə də Rusiyanı bütün qüsurlarına və yanlış addımlarına rəğmən, yanımızda tutmalıyıq”.

Politoloq bu məsələdə Ukraynanın mövqeyinin necə olacağına da toxunub:

“Vladimir Zelenski Rusiya “böyük yeddilərə” Krımı Ukraynaya qaytarmasından və Donbas separatçılarına dəstəkdən vaz keçəndən sonra qayıda biləcəyini deyib. Təəssüf ki, böyük dövlətlər Rusiyanı yenidən klublarına qaytarsalar, Ukrayna prezidentinin rəyini nəzərə almayacaqlar”.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə son görüşündə Rusiyanın “böyük yeddilərə” qayıtmasına tərəfdar olduğunu deyib.

Firuzə Vahid / REDAKTOR.AZ