Qarabağ Ermənistana birləşdirilərsə... - Paşinyana SƏRT İSMARIŞ

 11:53 23.08.2019     5447

Rusiyanın Cənubi Qafqazda geosiyasi maraqlarında korrektələr etmək vaxtı çatıb.

Redaktor.az bildirir ki, bu sözləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Politoloq hesab edir ki, satqınları bağışlamaq olmaz:

“2019-cu il başlar-başlamaz Ermənistandakı yerli ermənilər, daha doğrusu Paşinyanın komandası və ona yaxın olan siyasi birliklər tərəfindən 1980-ci illərin sonundan işlədilməyən şüar-Miasum istifadə edilməyə başlandı. Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tutan bu şüarın birdən-birə Paşinyan və ətrafının dilindən səslənməsi-təsadüfi sayıla bilinməzdi. Bu yaxınlarda Xankəndinə səfəri zamanı Paşinyanın dilindən çıxan-“Qarabağ Ermənistandır və nöqtə” cümləsi bir çoxları tərəfindən Azərbaycana qarşı ismarıc kimi başa düşülsə də, əslində Nikolun bu cümləsinin ünvanı Bakı deyil, Moskva idi. Təsadüfi deyil ki, Nikolun bu çıxışından dərhal sonra Qarabağ ermənilərinin faktiki lideri Robert Köçəryan baş naziri ciddi şəkildə tənqid edərək bu kimi bəyanatların məsuliyyətsiz bir çıxış olduğu fikrini bildirmişdi. Qarabağ klanının fikrincə, Paşinyan Miasum şüari ilə onları “əritmək” istəyir”.

Z. Məmmədov bu məsələdə Moskvanın mövqeyinə də aydınlıq gətirib:

“Rusiyanın ermənipərəst və ermənilərə yaxınlığı ilə seçilən Regnum agentliyinin baş redaktoru Modest Kolerovun Miasum məsələsi ilə bağlı hətta ayrıca məqalə yazması bu istiqamətdə şimal qonşumuzun narahatlığını tam çılpaqlığı ilə ortaya qoymuş olur. (https://regnum.ru/news/polit/2635080.html). 24 may 2019-cu il tarixində yazılan məqalədə jurnalist Kolerov əslində Kremlin demək istədiyi dildə Paşinyana ismarıclar göndərir. Yazıda, o, ciddi şəkildə Miasum bəyanatlarını tənqid edərək, Miasumun reallaşması ilə “Qarabağ dövlətçiliyinin” sona çatacağı təhlükəsinə vurğu edir. “Qarabağın Ermənistana birləşdirilməsi, Qarabağın dövlətçiliyini məhv edəcək - Azərbaycanın hərb maşının edə biləcəyindən daha tez”. Status-kvonun saxlanılmasının Rusiyanın xarici siyasəti üçün optimal olduğunu düşünən Moskvadakı bəzi qüvvələr münaqişənin Ermənistandakı hansısa siyasətçinin iradəsindən asılı olmaq iqtidarında olmamasını özləri üçün prioritet saysalar da, görünən odur ki, Ermənistandakı yeni hakimiyyət üçün şimaldan gələn ismarışlar əhəmiyyətli deyil. Bunun əksini düşünmək də olmaz. Belə ki, hakimiyyətə gələr-gəlməz Kremlin istəklərinin tam əksini edən davranışlar göz qabağındadır”.

Politoloq 1980-ci illərin sonlarına diqqət çəkib:

“O vaxtı SSR-ni çökdürməyi qarşılarına məqsəd qoyan Qərb institutları bunun üçün bir neçə üsuldan istifadə edərək məqsədlərinə çatdılar. Bir tərəfdən, bu Andropovun vaxtından başlayan başda Qorbaçov olmaqla “agentlərin” SSR-nin iflası uğrunda siyasi islahatları idi. Digər tərəfdən isə SSR-də iki xalq arasında müharibə törədərək bu qığılcımın digər bölgələrə də yayılmasında və partiyanın öz funksiyalarını yerinə yetirə bilməməsinin sübutu və dövləti parçalamaq idi”.

Firuzə Vahid / REDAKTOR.AZ