Paşinyan GİZLİ TƏLİMAT verdi - Növbəti ZƏRBƏ gözlənilir

 11:08 23.08.2019     2127

 “Ermənistan hərbi xərclərini artırmağa məcburdur”.

Redaktor.az bildirir ki, politoloq Elxan Şahinoğlu Ermənistan hökumətinin Müdafiə Nazirliyinə əlavə 4 milyon 550 min dollar ayırmasına münasibət bildirib.

Politoloq hesab edir ki, baş nazir Nikol Paşinyan ordudakı vəziyyətdən narazıdır:

“O, hakimiyyətdə olduğu bir ildə istədiyinə nail ola bilməyib. Paşinyanın orduya son maliyyə yardımının ayrılmasına Azərbaycan tərəfə keçən fərari olayı təsir edib. Avqustun 12-də erməni hərbi qulluqçu Aqo Kazaryanın işgəncələrə dözməyərək bölmələrimizə təslim olmasından 1 həftə keçdikdən sonra, yəni avqustun 19-da Paşinyan hərbi xidmətin keyfiyyətinin artırılması məqsədilə orduya maliyyəni artıracağını bildirdi. Bu ikisi arasında birbaşa əlaqə var. Mümkündür ki, Paşinyan gizli şəkildə son olayın araşdırılmasına da təlimat verib ki, bu biabırçı olay bir daha təkrarlanmasın. Çünki oxşar olay yenə təkrarlanarsa, bu, Paşinyanın erməni cəmiyyətində nüfuzuna növbəti zərbə olacaq”.

E. Şahinoğlu vurğulayıb ki, Ermənistan hərbi xərclərdə Azərbaycanla ayaqlaşa bilmir:

“Azərbaycanın hərbi büdcəsi Ermənistan büdcəsinin tamamına bərabərdir və Ermənistan ordusunun 4.5 milyon dollarla uzağa gedə bilməyəcəyini Paşinyan da anlayır. Buna baxmayaraq, Paşinyan imkan daxilində bir neçə hərbi kazarmanı təmir etdirir, orduda ərzaq təminatını dəyişməyə çalışır. Ancaq bütün bunları davamlı hala gətirmək üçün Paşinyana yüz milyonlara dollar lazımdır. Onun isə 4-5 milyon dollara gücü çatır”.

Politoloq bildirib ki, Ermənistanın hərbi yükü böyükdür:

“İran və Türkiyə sərhəddini Rusiyaya tapşırıblar, ancaq bununla iş bitmir. Ermənistan Dağlıq Qarabağdakı hərbi işğalına pul xərcləməyə davam etməklə yanaşı Naxçıvan və Qazaxdakı təpələrin əldən verilməsi fonunda Azərbaycanla sərhəddin bütün istiqamətinə diqqətini daha da artırmaq məcburiyyətində qalıb. Bu da əlavə maliyyə tələb edir. Ona görə də biz Ermənistanla bütün sərhədboyu düşmənin problemlərini artırmalı, onu bu işlərə daha çox maliyyə xərcləməyə məcbur etməliyik”.

Xatırladaq ki, Ermənistan hökuməti Müdafiə Nazirliyinə əlavə 4 milyon 550 min dollar ayırıb. Artımı belə izah ediblər ki, ayrılan maliyyə hərbi xidmətin keyfiyyətinin artırılmasına xidmət edəcək. Ermənistanın 2019-cu ildəki hərbi büdcəsi 530 milyon dollardır, bu 2018-ci ilin eyni göstəricisindən 13 faiz çoxdur.  

Firuzə Vahid / REDAKTOR.AZ