Ankara-Moskva münasibətlərində SOYUQ KÜLƏK - Ekspert səbəbləri AÇIQLADI

 13:33 23.08.2019     1550

S-400 ZRK-nın hissələrinin Türkiyəyə gətirilməsi Ankara-Vaşinqton münasibətlərində gərginlik yaratsa da, Moskvanın umduğu səviyyədə dərin böhrana səbəb olmadı.

Politoloq Şahin Cəfərli Redaktor.az-a açıqlamasında Türkiyə-Rusiya münasibətlərinin vəziyyətinə aydınlıq gətirib.

Politoloq hesab edir ki, Ankara-Moskva münasibətlərindəki bahar havasını soyuq külək əvəzləyib:

“Əsədin ordusu İdlib vilayətinin cənubundakı Xan Şeyxun şəhərini tam nəzarətə götürüb. Şam-Hələb yolu (M-5 şossesi) üzərində nəzarət də bərpa olunub. Nəticədə Türkiyə ordusunun Xan Şeyxunun cənub istiqamətində yerləşən Morek qəsəbəsindəki 9 saylı müşahidə məntəqəsi mühasirəyə düşüb. Dörd gün əvvəl Türkiyədən bu məntəqəyə göndərilən hərbi yardım konvoyu Suriya (bəzi iddialara görə, həm də Rusiya) aviasiyası tərəfindən bombalanmış və Türkiyə Baş Qərargahının açıqlamasına görə, 3 nəfər ölmüş, 12 nəfər yaralanmışdı. Türkiyə ölənlərin və yaralananların mülki şəxs, Suriya və Rusiya isə “Feylak üş Şam” terrorçuları olduğunu bildirir. Bombardmandan sonra Türkiyə “F-16”-ları Suriya hava məkanına daxil olsalar da, Suriyanın öz HHM sistemlərini aktivləşdirməsi və Rusiyanın Hmeymim aviabazasından 2 ədəd “Su-35” təyyarəsinin havaya qalxmasından sonra geri dönüblər. Dünən isə Suriya hərbi təyyarələri türk ordusunun Xan Şeyxundan şimalda, Maarrat ən-Numan şəhəri yaxınlığında yerləşən 8 saylı müşahidə məntəqəsi yaxınlığına xəbərdarlıq atəşi açıb. Türkiyə Astana prosesi çərçivəsində Suriyada 4 deeskalasiya bölgəsinin yaradılması qərara alındıqdan sonra bu razılaşmaya uyğun olaraq İdlibdə atəşkəsə nəzarət üçün 12 müşahidə məntəqəsi qurmuşdu. Üç deeskalasiya zonası Əsəd rejiminin nəzarətindədir, yalnız İdlib qalıb”.

Ş. Cəfərli qeyd edib ki, Əsəd bütün terrorçu və müxalif silahlı dəstələrin toplaşdığı İdlibi də geri almaq üçün hərəkətə keçib və türk hərbi kontingentinin buradan çəkilməsini istəyir:

“Rusiya və İran da ona dəstək verir. Hətta Rusiya hərbçiləri bilavasitə yerdəki döyüşlərdə iştirak etməyə başlayıblar. Bu gəlişmələrdən sonra Putin və Lavrov da son günlər Türkiyənin ünvanına sərt açıqlamalarla çıxış ediblər. Putin bildirib ki, ötən ilin sentyabrında Türkiyə ilə Soçi razılaşması əldə olunarkən terrorçular İdlibin 50%-nə nəzarət edirdilər, bu anlaşmadan sonra isə vilayətin 90%-ni ələ keçirdilər. Rusiya bundan narazı olsa da, Türkiyə və ABŞ arasında “S-400” böhranının necə yekunlaşacağını gözləyirdi və bu müddətdə Suriya ordusunun İdlibdə hərbi əməliyyatlar keçirməsini ləngidirdi”.

Politoloq vurğulayıb ki, Tramp Konqresdən gələn basqılara rəğmən Türkiyəyə sanksiya tətbiq etmədi:

“Moskva isə sanskiyaların tətbiq ediləcəyini gözləyirdi. Doğrudur, sanksiya ehtimalı hələ ki, tam aradan qalxmayıb. Üstəlik, Türkiyə və ABŞ Suriyanın şimalında, Fərat çayının şərqində təhlükəsizlik zonasının yaradılması barədə razılığa gəldilər. Bundan başqa, Türkiyə Maduro rejimi ilə iqtisadi əlaqələrini demək olar ki, dayandırıb. 2018-ci ildə Türkiyənin Venesueladan idxalatı 879 milyon dollar həcmində olduğu halda, bu ilin 6 ayında cəmi 4 milyon dollar təşkil edib. Qarşılıqlı ticarət dövriyyəsi 95% azalıb. Səbəb ABŞ sanksiyaları ilə əlaqədar Türkiyənin Maduro rejimindən qızıl almağa son verməsidir”.

Ş. Cəfərli bildirib ki, bütün bunların nəticəsində Putin Əsədə İdlib əməliyyatları üçün yaşıl işıq yandırdı:

“İdlibdəki kritik durum və Türkiyə sərhədinə doğru yavaş-yavaş köç başlaması ilə əlaqədar Ankara Ərdoğan-Putin telefon danışığının təşkili üçün Moskvaya müraciət edib. Belə xəbərlər var ki, Rusiya Türkiyəyə 8 və 9 saylı müşahidə məntəqələrindəki əsgərlərini geri çəkməyi təklif edib, lakin Ankara rədd edib. Gələn ay Astana prosesi çərçivəsində prezidentlərin növbəti üçtərəfli görüşü keçiriləcək. Putin və Ruhani Ərdoğanın həmin görüşə mümkün qədər əli zəifləmiş halda gəlməsində maraqlıdır. İdlibin Əsədin nəzarətinə keçməsi Türkiyə üçün risklər yaratmaqla bərabər, 7 il əvvəl Şamdakı əməvi camisində namaz qılmaq hədəfi ilə yola çıxmış Ərdoğanın şəxsi məğlubiyyəti anlamına da gələcək”.

Firuzə Vahid / REDAKTOR.AZ