Ermənistan və Azərbaycan arasında rabitə kommunikasiyası İŞLƏKDİR? - ŞƏRH

 15:01 23.08.2019     2396

Zöhrab Mnatsakanyanın erməni cəmiyyətini sakitləşdirmək üçün Azərbaycanla hansısa rabitə kommunikasiyasının işlədiyini bildirməsi mümkündür.

Redaktor.az bildirir ki, politoloq Elxan Şahinoğlu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Azərbaycanla Ermənistan arasında kommunikasiya əlaqlərinin mövcud olması ilə bağlı son açıqlamasında münasibət bildirib.

Politoloq hesab edir ki, Ermənistan xarici işlər nazirinin nəzərdə tutduğu Azərbaycanla rabitə kommunikasiyası işlək vəziyyətdə ola bilməz:

 “Yəni, erməni nazir demək istəyir ki, gərəkli hallarda müharibə vəziyyətində olan tərəflər bir-biri ilə əlaqə saxlayıb, hansısa məsələni yoluna qoymağa çalışırlar. İki tərəf arasında rabitənin qurulması haqqında razılıq ötən ilin sentyabr ayında Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı qısa görüşdə əldə olunmuşdu. Liderlər MDB dövlət başçılarının Düşənbədəki sammiti çərçivəsində görüşmüşdülər. İlham Əliyev Nikol Paşinyanla əsas olaraq təmas xəttindəki gərgin vəziyyəti müzakirə etmişdilər. Bu, İlham Əliyevlə Nikol Paşinyan arasında ikinci qeyri-formal görüş idi. Paşinyan görüşdən sonra demişdi ki, Azərbaycan prezidenti ilə sərhəddə hər iki tərəfdən gərginliyə və insidentlərə yol verməmək məqsədilə konkret tədbirlər görmək üçün müdafiə nazirlərinə tapşırıq veriblər. Paşinyanın sözlərinə görə, o, İlham Əliyevlə görüşdən sonra əldə olunan razılaşma haqqında separatçıların lideri Bako Saakyanı məlumatlandırmış, Ermənistan silahlı qüvvələrinin rəhbərliyinə isə müvafiq sərəncamlar vermişdi”.

E. Şahinoğlu vurğulayıb ki, Düşənbədəki razılaşmalar bu gün işləmir:

“Paşinyan hakimiyyətdə olduğu ilk 4 ayda cəbhə xəttində sakitlik idi. Rəsmi Bakı bununla Paşinyana zaman tanımışdı. Paşinyan da bu vəziyyətdən məmnun idi. Ancaq Paşinyan Düşənbə görüşündən sonra heç bir addım atmadı və getdikcə ritorikası sərtləşdi və hətta “Qarabağ Ermənistandır” deyəcək duruma gəldi. Aydındır ki, belə vəziyyətdə heç bir razılaşma işləyə bilməzdi”.

Politoloq bildirib ki, Azərbaycan ordusu və sərhəd qoşunları tez-tez yerdəyişmələr edirlər:

“Eyni zamanda, taktiki döyüşlər qeydə alınır, atəşkəs də tez-tez pozulur, və ya Ermənistan hərbçisi təmas xəttini keçərək bölmələrimizə təslim olur. Bu vəziyyətdə erməni nazirin dediyi kimi hansısa rabitə vasitəsi varsa belə, bu, heç nəyə yaramır. Bütün hallarda Azərbaycan Müdafiə Nazirliyinin və ya XİN-nin erməni nazirin "kommunkasiya" dedikdə nəyi nəzərdə tutduğunu açıqlamasına ehtiyac var”.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan son açıqlamasında Azərbaycanla Ermənistan arasında mövcud olan operativ əlaqənin işlək vəziyyətdə olduğunu deyib.

Firuzə Vahid / REDAKTOR.AZ