İlin sonuna kimi... - Qarabağ məsələsi HƏLL OLUNUR?

 15:30 23.08.2019     2950

Qarabağ problemində yeni taktikaya keçilməli, danışıqlara təsir edən proseslərə start verilməlidir.

Politoloq Məhəmməd Əsədullazadə Redaktor.az-a Ermənistan XİN rəhbərinin azərbaycanlı həmkarı ilə görüşəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.

Politoloq hesab edir ki, Manatsakanyan bununla Paşinyanın Miatsum bəyanatından sonra danışıqları davam etdirmək mesajını vermiş oldu:

“Ermənistan tərəfi nəticəsiz danışıqlarda maraqlıdır. Bununla Azərbaycanın hərbi hərəkətliliyinin qarşısını almağı planlayırlar. Azərbaycan tərəfi payız aylarında bu görüşə qatılsa belə, demək olar ki, belə bir formatda aparılan müzakirələrdə heç bir nəticə olmayacaq. Ümumiyyətlə, ilin axırına kimi Qarabağ məsələsində hər hansı bir irəliləyiş olmayacaq”.

M. Əsədullazadə bildirib ki, ABŞ tərəfi xarici işlər nazirlərinin Vaşinqton görüşündən sonra növbəti dəfə belə bir danışıqları aparmayacaq:

“Gələn il ABŞ-da seçkilər olacaq. ABŞ bir ildən artıq müddətdə Qarabağla bağlı ciddi danışıqlara vaxt sərf etməyəcək, amma Azərbaycana dəstəyi artıracaq. Ölkəmizlə bütün istiqamətlərdə münasibətləri inkişaf etdirəcək, hətta silah satışını da reallaşdıra bilər”.

Politoloq vurğulayıb ki, Azərbaycan Qarabağ istiqamətində işğalçıya təzyiqi artırmalıdır:

“Onların hərbi kazarmaları, müdafiə istehkamları vurulmaldır ki, rəsmi İrəvan işğal olunmuş ərazilərdə məskunlaşma siyasətindən geri çəkilsin və danışıqlarda real nəticələrə aparan prosesə qoşulsun. Çünki Ermənistan işğal olunmuş ərazilərdə mövqelərini möhkəmləndirməyə və yeni məskunlaşma siyasəti aparmağa sərf edir. Bunun qarşısı alınmalıdır”.

Firuzə Vahid / REDAKTOR.AZ