Artıq 7 "G" heç nəyi həll edə bilmir - ÇIXIŞ YOLU BUDUR

 14:21 26.08.2019     846

Dünya təhlükəsizlik sistemi çox ciddi çağırışlarla üz-üzədir.

Politoloq İlqar Vəlizadə Redaktor.az-a açıqlamasında Fransanın Biarrits şəhərində keçirilən G7 sammitində müzakirə edilən məsələlərin nə ilə nəticələnəcəyinə aydınlıq gətirib.

Politoloq hesab edir ki, yeni prinsiplərin ərsəyə gəlməsi ilə bağlı ciddi işlər aparmaq lazımdır:

“Sammit iştirakçılarının açıqlamaları göstərir ki, orada heç bir konkret qərar qəbul edilməyib. Məlumatlara əsasən demək olar ki, çoxlu ziddiyyətli məsələlər müzakirə edilib, ancaq bu ziddiyyətlər aradan qaldırılmayıb. Əksinə, daha da kəskinləşib. Rusiya və İranla bağlı olan məsələlərdə ABŞ-la digər sammit iştirakçıları arasında fikir ayrılığı yaranıb. Rusiyanın yenidən sammit iştirakçısı olması ilə bağlı ABŞ Prezidentinin təklifi heç bir ölkə tərəfindən bəyənilməyib. Digər tərəfdən İranla bağlı Makron və onun həmkarlarının istəkləri ABŞ prezidenti Donald Tramp tərəfindən nəzərə alınmayıb.

ABŞ və Çin Xalq Respublikası arasında gedən ticarət müharibəsi də sammitdə müzakirə olunan əsas məsələlərdən biri idi. Bu mövzuda da sammit iştirakçıları narahatlıqlarını ifadə etdi. Çünki ÇİN və ABŞ arasında yaranmış gərginlik dünya iqtisadiyyatına, ticarətinə mənfi təsir göstərir”.

Politoloq bildirib ki, mövcud formatlarla dünyadakı problemlərin həll edilməsi mümkün deyil:

“G-7 sammiti bir daha göstərdi ki, dünya liderləri arasında mövcud olan ziddiyyətlər getdikcə dərinləşməkdədir. Bu ziddiyyətlərin həlli ilə bağlı perspektiv yoxdur. Ümumiyyətlə, dünyada vahid qərarların qəbul olunması prinsipi iflic vəziyyətindədir. Əvvəllər bu prinsip mövcud idisə, indi bu yanaşma ortada yoxdur. G-7 sammiti, BMT-nin Təhlükəsizlik Şurası formatı da kifayət qədər fayda vermir. Yeni prinsiplər, mexanizmlər barədə düşünülməlidir. Siyasi liderlərin hazırda apardığı müzakirələr, qəbul etdiyi qərarlar nəticəsiz qalır. Bu qərarların reallaşması üçün əməli işlər aparılmalı, yeni formata keçilməlidir. Amma yeni formatların gündəmə gəlməsi üçün aparılacaq işlər dünya ölkələrinin, siyasi liderlərin özlərindən asılıdır”.

Xatırladaq ki, Fransanın Biarrits şəhərində keçirilən G7 sammiti rəsmi Bəyannamə olmadan başa çatıb.

Firuzə Vahid / REDAKTOR.AZ