Tramp Rusiyanı niyə G-7-də görmək istəyir? - ÇİNi gördü, CİNi gördü...

 14:53 26.08.2019     903

ABŞ prezidenti Donald Tramp “Böyük yeddilər"in toplantılarına maraq göstərmir.

Redaktor.az-a bildirir ki, politoloq Elxan Şahinoğlu G-7 sammitində ABŞ Prezidenti Donald Trampın Rusiya ilə bağlı təklifinin səbəblərinə aydınlıq gətirib.

Politoloq hesab edir ki, “Böyük yeddilər"in toplantıları fikir mübadiləsi üçün sadəcə müstəvidir:

“Bu toplantılarda yekdil qərarlar qəbul olunmur, sənədlər imzalanmır. Bəlkə də elə bu səbəbə görə Tramp ikitərəfli görüşlərə və anlaşmalara üstünlük verir. Təsadüfi deyil ki, müşavirləri Trampı Fransaya getməyə güclə məcbur ediblər. “Böyük yeddilər"in liderləri Fransada bir çox mövzuda fikir mübadiləsi aparıblar. Ancaq ən çox danışılan mövzu Rusiyanın “Böyük yeddilər"ə qatılıb-qatılmaması məsələsidir. Daha əvvəl Rusiya prezidenti Vladimir Putinlə görüşən Fransa dövlət başçısı Emmanuel Makron Rusiyanın “Böyük yeddilər"ə qayıtması gərəkliyini dilə gətirmişdi. Tramp da bunu istəyir, o birilərin bir qismi isə ya buna etiraz, ya da tərəddüd edirlər. Etirazlara baxmayaraq, Donald Tramp gələn il Putini Amerikada keçiriləcək toplantıya dəvət etməkdə israrlıdır”.

E. Şahinoğlu liberal dəyərləri bölüşməyən Rusiyanın “Böyük yeddilər"ə qayıtmasının hansı hallarda mümkün ola biləcəyinə də aydınlıq gətirib:

“Rusiya “Böyük yeddilər”ə qatılırsa, onda gərək iqtisadiyyatı “yeddilər"in iqtisadiyyatının bir çoxundan böyük olan Çin də burada təmsil olunardı. Elə məsələ də Çinlə bağlıdır. Rusiyanı Çindən uzaqlaşdırmağa çalışırlar. Qərbdə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq olunsa da, Çindən daha çox ehtiyat edirlər.

Digər tərəfdən, Vladimir Putin İngiltərə qəzetinə son müsahibəsində dedi ki, liberal dəyərlər məhv olub və bu dəyərlər onun üçün maraqlı deyil. Tramp üçün də liberal dəyərlər əsas deyil, əsas olan Putinlə təmas imkanlarını itirməməkdir. Belə ki, Tramp üçün Rusiyaya gedib Putinlə görüşmək və ya rusiyalı həmkarını Vaşinqtona rəsmi səfərə dəvət etmək problematikdir. Bu halda Trampın ölkədaxili rəqibləri fəallaşacaq. Ancaq “Böyük yeddilər"in 2020-ci il toplantısı çərçivəsində Putinlə görüş və fikir mübadiləsi Trampa böyük problem yaratmaz. Ona görə də Tramp Rusiyanı bu formata qaytarmaq istəyir”.

Politoloq bildirib ki, bu gün Qərb dövlətləri arasında söz sahibi ABŞ-dır:

"Ona görə də Avropa dövlətlərinin Vaşinqtona Rusiya mövzusunda hər dəfə “yox” deməsi çətindir. Əslində İtaliyanın, Fransanın, Almaniyanın timsalında Avropa Rusiyanın yenidən sivil dünyaya qaytarılmasının yollarını arayır. Bir gün gələcək, Rusiya yenidən “Böyük yeddilər"ə qatılacaq. Moskva da bunu istəyir. Çünki, bu yolla Kreml Qərbə Krımın Rusiyaya aidliyini qəbul etdirəcəyini düşünür. Qərb Rusiya ilə dialoq imkanlarını da açıq saxlamaq istəyir. Çünki düşünürlər ki, Rusiyanı özlərindən daha uzaqda tutsalar bu, Moskvanı daha sərt siyasət yürütməyə və Çinlə daha sıx tərəfdaşlığa sövq edir. Bu isə Qərbin maraqlarına ziddir. Ona görə də zaman keçdikcə Qərb Rusiyanı yenidən özünə tərəf çəkməyə başlayacaq. Eyni zamanda Qərbdə anlayırlar ki, Rusiyada Putinin mövqeləri getdikcə zəifləyəcək və bu ölkədə növbəti liderlə normal münasibətlər qurmaq üçün indidən prosesə başlamaq lazımdır".

Firuzə Vahid / REDAKTOR.AZ