Ruhani "dəli" dediyi Trampla niyə görüşür? - XAMENEİ CƏDDİNƏ GÜVƏNİR...

 12:00 27.08.2019     1117

Tehranın məcburiyyət qarşısında Vaşinqtonla danışıqlara başlamaq istədiyini Ağ Evdə anlayırlar.

Redaktor.az bildirir ki, “Atlas” Araşdırmalar Mərkəzi İran-ABŞ münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyini təhlil edib. Təhlildə bildirilib ki, Trampla Ruhaninin bir görüşü ilə iki ölkə arasındakı münasibətlərin yoluna qoyulacağını gözləmək çətindir:

“İran prezidenti Həsən Ruhani amerikalı həmkarı, az qala dəli adlandırdığı Donald Trampla görüşə razılıq veribsə, demək ali dini lider Əli Xameneinin xeyir-duasını alıb. İranın xarici işlər naziri Məhəmməd Zərifi də ali dini liderin icazəsi olmadan “Böyük yeddilər"in toplantısını yaxından izləmək üçün Fransaya getməzdi. Həsən Ruhani son çıxışında deyib ki, “əgər bir şəxslə görüşmək ölkənin rifahına səbəb olacaqsa, buna hazıram”. Aydındır ki, Ruhani “bir şəxs” dedikdə Donald Trampı nəzərdə tutur. Halbuki, hələ son günlərə qədər Ruhani belə bir görüşün mümkünlüyünü inkar edirdi. İndi isə bu maneə sayılmır”.

Təhlildə Ruhaninin siyasətinin dəyişməsinin səbəblərinə də aydınlıq gətirilib:

“İran iqtisadiyyatı sanksiyalar ucbatından ağır günlərini yaşayır, sosial problemlərin həlli mürəkkəbləşir. Vəziyyət o qədər ciddidir ki, İran hökuməti və parlamenti gələn ilin büdcəsini neft gəlirləri olmadan formalaşdırmağı düşünür. Yəni Tehran hətta “nefti sata bilməyəcəyik” durumuna da hazırlaşır. İran prezidenti bu vəziyyətdən çıxış yolu axtararkən xarici siyasətdə korrektəyə üstünlük verir. Zərifinin Fransaya səfəri, Tehranın “bizə neft satmağa imkan versələr, uranın zənginləşdirilməsi məsələsinə yenidən baxa bilərik”- açıqlaması və nəhayət, Həsən Ruhaninin Trampla görüşə biləcəyi açıqlaması da siyasətin korrektəsindən xəbər verir. Yəni İranın problemlərini həll etmək üçün ABŞ-la təmaslara başlamaqdan başqa yolu yoxdur”.

Təhlildə o da vurğulanıb ki, rollar dəyişib:

“Əvvəl Donald Tramp iranlı həmkarına görüş təklif edirdi, Ruhani görüşdən imtina edirdi.  İndi isə Həsən Ruhani görüşmək istəyir, Ağ Ev sahibi tələsmir. Məsələ burasındadır ki, bəlkə də Həsən Ruhani elə ilk gündən amerikalı həmkarı ilə görüşə hazır idi, ancaq onun əl-qolunu ali dini liderin və İslam Keşikçiləri Korpusunun mövqeyi bağlayırdı. Çünki hər iki güc Həsən Ruhaninin və Məhəmməd Zərifinin amerikalı həmkarlarıyla mümkün təmaslarına qadağa qoymuşdu. Bunun nəticəsidir ki, Məhəmməd Zərifi Nyu-Yorkda BMT toplantısında olarkən amerikalı yüksək rütbəli diplomatlardan biri ona Vaşinqtona səfər edib Donald Trampla görüşməyi təklif etdikdə, İranın xarici işlər naziri dərhal imtina etmişdi. Çünki bu görüşə onun icazəsi yox idi. İndi isə tərsinə, iranlı rəsmilər görüşə hazır olduqlarını bildirirlər. Çünki, İran iqtisadiyyatının mövcud durumu ali dini lideri və İslam Keşikçiləri Korpusunu vəziyyətdən çıxış yolları axtarmağa vadar edir. İranda hakimiyyətə nəzarət edəb qüvvələrin tamamı ABŞ ilə müharibə istəmir, bunun İrana baha başa gələcəyini anlayırlar”.

Təhlildə belə halların İran tarixində az olmaması xatırladılıb:

“İran-İraq müharibəsi milyonlarla insanın ölümünə səbəb olduğuna görə çıxış yolu axtarılırdı. Bu vəziyyətdə iranlı rəsmilər o zamankı ali dini lider, mərhum Xomeynini inandırdılar ki, İraqla müharibəni dayandırmaq lazımdır. İndi də Tehranın məcburiyyət qarışısında Vaşinqtonla danışıqlara başlamaq istədiyini Ağ Evdə anlayırlar. Ona görə də bu dəfə Tramp özünü naza qoyur, görüşə qədər əlini gücləndirmək istəyir. Sentyabrın ortalarında Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyası keçiriləcək. Ruhani ümid edir ki, sessiya çərçivəsində Donald Trampla görüşə biləcək. Tramp bunun əleyhinə deyil. Bu görüşün təşkili üçün hər iki tərəf alt səviyyədə görüşlərə başlamalı və hər iki tərəfin tələblərini müəyyənləşdirməlidir”.

Təhlildə qeyd edilib ki, hadisələrin bu istiqamətdə inkişafı İsraili narahat edəcək:

“Çünki İsrail ABŞ-İran razılaşmasının əleyhinədir. Vaxtilə ABŞ prezidenti Barak Obama İranla nüvə anlaşmasını imzaladıqda bu, İsrailin ciddi etirazına səbəb olmuşdu. İsrailin İranla bağlı qorxusu bunlardır: Birincisi, İsraildə hesab edirlər ki, İran bütün hallarda gizli şəkildə uranı zənginləşdirəcək. İkincisi, Tehran İsrailə çata biləcək raketlərin istehsalını və üçüncüsü bölgədə müxtəli silahlı qruplara silah və maliyyə dəstəyini davam etdirəcək. Ona görə də İsrail Amerikadakı güclü lobbisi vasitəsilə Trampın Ruhani ilə hər hansı razılaşma əldə etməsinə mane olacaq”.

Təhlildə bildirilib ki, İran-ABŞ razılaşması Azərbaycanın da xeyrinədir:

“Hər ikisi Azərbaycanın tərəfdaşıdır və Azərbaycan bu iki dövlət arasında seçim qarşında qalmaq istəmir. Məsələn, rəsmi Bakı hələ illər öncə Rəşt-Astara dəmiryolunun çəkilməsi üçün 500 milyon dollar kredit ayıracağını açıqlamışdı. Bu o illər idi ki, Amerika prezidenti Barak Obama idi və İranla nüvə anlaşması yenicə imzalanmış və bölgədə gərginlik azalmağa doğru gedirdi. Tramp hakimiyyətə gəldi və nəinki İrana, İranla əməkdaşlıq edən ölkə və şirkətləri sanksiyalarla hədələdi. Nəticədə 500 milyon dolların bank köçürülməsi vasitəsilə İrana verilməsi çətinləşdi. Bu dəmiryolu İran kimi Azərbaycanın da maraqlarına cavab verir, artan daşımalar yolu ilə bölgədə Azərbaycanın rolunu artıracaq. Tək elə bu məsələnin müsbət həlli üçün İran-Amerika münasibətlərinin normallaşması Azərbaycanın maraqlarına cavab verir”.

Firuzə Vahid / REDAKTOR.AZ