Qafqazda vəziyyət gərginləşsə... - ƏRDOĞANLA PUTİN NƏ EDƏCƏK?

 13:32 28.08.2019     2947

Hələ ki, Rusiya-Türkiyə “dostluq” münasibətləri davam edəcək.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Redaktor.az-a açıqlamasında Türkiyə və Rusiya prezidentlərinin görüşünün nəticələrinə aydınlıq gətirib.

Politoloq hesab edir ki, Türkiyə-Rusiya dostluğunun davam etdirilməsi Azərbaycanın xeyrinədir:

“Görüşdə nələrin müzakirə edilməsi haqda demək olar ki, heç bir sızma olmasa da, prezidentlərin mətbuata verdikləri açıqlamalardan bəzi nəticələri çıxarmaq olar. Liderlər arasında həmişəki kimi ən çox müzakirə olunan mövzu Suriyanın İdlib bölgəsi və şimalı olub. Uzun müddət idi ki, Ərdoğan bölgənin təmizlənməsinə qeyri-rəsmi olaraq mane olurdu. Bu istiqamətdə zənnimcə razılaşma əldə olunub. Bu razılaşma ilə İdlib ətrafı Əsəd ordusu tərəfindən (əslində isə koordinator ruslardır) müxalifətdən və terrorçulardan təmizlənəcək. Əvəzində isə Suriyanın şimalında kürd terrorçularına qarşı Ankaranın antiterror əməliyyatları Moskva tərəfindən dəstəklənəcək. Burada maraqlı məqam ondan ibarətdir ki, türkiyə 100 km-lik təhlükəsiz ərazi istəyirdi. Vaşinqton 30 km ilə razı idi. Moskvanın isə neçə kilometrə razılıq verməsi bəlli deyil”.

Politoloq vurğulayıb ki, Türkiyə-Rusiya “dostluğ”unun davam etməsi Cənubi Qafqazda gedən proseslərə də təsir göstərəcək:

“Cənubi Qafqazda vəziyyət gərginləşərsə, iki ölkə arasında münasibətlərin düşmənçilik deyil, müttəfiqlik mərhələsində olması vacibdir. Bu, Ərdoğanla Putin arasında Qarabağla bağlı dialoqu daha effektiv edəcək, tərəflər bir-birinin maraqlarını ən pis halda eşidəcəklər”.

Xatırladaq ki, 27 avqustda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada görüş baş tutub.

Firuzə Vahid / REDAKTOR.AZ