"Rəsmi Moskva Qarabağ münaqişəsinin həllində maraqlı deyil" - VƏZİYYƏT DƏYİŞİR...

 14:35 28.08.2019     1132

“Rusiya Paşinyanın bu siyasətinə dəstək verir”.

Politoloq Məhəmməd Əsədullazadə Redaktor.az-a açıqlamasında Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan və baş nazir Nikol Paşinyanın bu ölkənin xarici ölkələrdəki səfirləri və diplomatlarının İrəvandakı toplantısında, Qarabağla bağlı açıqlamalarına münasibət bildirib.

Politoloq hesab edir ki, verilən açıqlamalar danışıqların aparılmasına rəvac vermir:

“Rəsmi Bakı daima sülhə və danışıqlara sadiq olduğunu bəyan edib. Artıq, Ermənistanın mövcud siyasəti Azərbaycanın alternativ variantlara əl atmasını şərtləndirə bilər. Həm Nikol Paşinyan, həm də Zöhrab Mnatsakanyan Qarabağla bağlı ardıcıl olaraq separatçıları danışıqlarda tərəf kimi qabardır və “müstəqillik” kimi avantürist ideyalarını qırmızı cizgi kimi vurğulayırlar. Bütün bunlar göstərir ki, rəsmi İrəvan qəti sürətdə kompromisə getmək fikrində deyil”.

M. Əsədullazadə vurğulayıb ki, Paşinyan Rusiyaya referans edir:

“Ona görə də işğal olunmuş ərazilərin boşaldılması üzrə bütün danışıqların detalları qapadılıb. Azərbaycanın Türkiyə və bəzi Qərb ölkələri ilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirməsi Ermənistanı ciddi şəkildə narahat edir. Aydın olur ki, rəsmi İrəvan Qarabağla bağlı siyasətdə dayaqlarını zəiflədir. Yalnız Moskvanın dəstəyi ilə işğalı sürdürür. Rəsmi Moskva qəti surətdə münaqişənin həllində maraqlı deyil. ABŞ və Avropa isə Ermənistanı Qarabağ məsələsində dəstəkləmir”.

Xatırladaq ki, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Ermənistanın Qarabağ konfliktinin sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış etdiyini, lakin Azərbaycanın güc tətbiqiylə bağlı təhdidlərinin qəbuledilməz olduğunu deyib.

Mnatsakanyan Bakını hərbi-siyasi balansı pozmaqda və guya regional stabilliyə təhdid yaratmaqda ittiham edib. Erməni nazir bildirib ki, əgər Bakı konfliktin sülh yoluyla həllində maraqlıdırsa, o zaman Qarabağdakı rejimlə danışıqlarda da maraqlı olmalıdır.

Firuzə Vahid / REDAKTOR.AZ