Türkiyənin daxilində nələr baş verir? - Elektorat uğrunda AMANSIZ MÜBARİZƏ...

 16:15 28.08.2019     321

Hazırda Türkiyə siyasətində qəbul olunan qərarlara, atılan addımlara, səslənən bəyanatlara növbəti prezident seçkiləri kontekstində yanaşmaq lazımdır.

Redaktor.az bildirir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib.

Politoloq hesab edir ki, Türkiyə müxalifəti yeni sınaq qarşısındadır, amma ağırlaşan iqtisadi böhran iqtidar üçün ciddi başağrısıdır:

“Baş verənlər qarşıdakı (erkən də ola bilər) seçki kampaniyasının prelüdiyasıdır. İmamoğlu ciddi xətalara yol verməsə və 23 iyun öncəsində onun ətrafında formalaşmış rəsmi və qeyri-rəsmi ittifaqlar (Millət İttifaqı+kürdlər) qorunub saxlanılsa, Ərdoğan qarşısında ən güclü namizəd o olacaq. Ancaq CHP-də Muharrəm İncənin də iddiası var. Hökumətin HDP-li 3 böyükşəhər bələdiyyə başqanını vəzifədən kənarlaşdırması da məhz bu ittifaqları parçalamağa yönəlib. Yaxşı düşünülmüş gedişdir. Əvvəla, aydındır ki, millətçi İYİ Partiyası bu qərara qarşı çıxmayacaq. Çünki əks təqdirdə, partiyanın bölünməsi riski realdır. İYİ Partiyası daxilində 2 qrupun - mərkəzçilərin və radikal millətçilərin mübarizəsi var və Maral Akşener partiyanın bütövlüyünü çətinliklə qoruyur. İkincisi, plan CHP çətin seçim qarşısında qalmasına şərait yaratmaqdır. Belə ki, qərara sərt və birmənalı şəkildə etiraz etsə, HDP ilə eyni cərgədə dayanmış olacaq, bu isə nəinki İYİ Partiyanın, CHP-nin öz içərisindəki ulusalcıların da dəstəyini itirmək riski yaradır. Yox, etiraz etməsə, bu, növbəti seçkilərdə HDP seçicilərindən dəstək ala bilməmək mənasına gəlir. Yəni Ərdoğan və Bahçelinin hesablamalarına əsasən, CHP hansı addımı atsa, vəziyyətdən itki ilə çıxır”.

Ş. Cəfərli qeyd edib ki, hazırda Cumhur İttifaqının da, prezident Ərdoğanın da reytinqi 50%-in altındadır:

“İtkiləri kompensasiya etmək üçün milliyyətçi-mühafizəkar kəsimləri təkrar bir araya gətirməyə ehtiyac var. Əvvəlki kimi, toplumu sağ-sol zəminində qütbləşdirmək effekt vermir. Həm Millət İttifaqı, həm də daha dərin səbəblər (məsələn, nəsil dəyişikliyi) bu siyasəti pozur. Ona görə də yeni qütbləşdirməni "terrora qarşı olanlar - terrorun yanında yer alanlar" zəminində yaratmağa cəhd edirlər. Bununla yuxarıda qeyd etdiyimiz məqsədlərdən əlavə, AKP daxilində səfləri sıxlaşdırmaq və yeni partiyanın (Gül-Babacan) bu hovuzdan pay götürməsini əngəlləmək də nəzərdə tutulur”.

Firuzə Vahid / REDAKTOR.AZ