Boltonun şərqi Avropada nə işi var? - Qafqaza DÖNÜŞ MÖHTƏŞƏM OLACAQ...

 17:37 28.08.2019     561

“ABŞ və Rusiya Şərqi Avropa və Cənubi Qafqaz uğrunda yeni mübarizə mərhələsinə keçəcək”.

Politoloq Məhəmməd Əsədullazadə Redaktor.az-a açıqlamasında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Şərqi Avropa turnesinə çıxmasına münasibət bildirib.

Politoloq hesab edir ki, bu səfər yeni qlobal nizamın formalaşmasına xidmət edir:

“Bolton ilk səfərini regionun siyasi-hərbi episentri Ukraynadan başlayıb. Bolton burada Trampın Zelinski ilə Varşavada keçiriləcək görüşünə hazırlıq məsələlərini, həmçinin Donbasda vəziyyəti, daxili islahatlar və Rusiyanın Avropaya qarşı ekspansiya siyasətinin qarşısını almaq üzrə danışıqlar aparıb. Bundan əlavə, Bolton Belarus və Moldovada da olacaq. Göründüyü kimi ABŞ, Rusiyanın hər üç ölkəyə qarşı siyasi təzyiqlərinin qarşısını almaq və öz geosiyasi çətirini inkişaf etdirməsi istiqamətində strateji planını işə salıb. Yaxın perspektivdə Belarus və Moldova da ABŞ-la sıx siyasi əməkdaşlığa gedəcək”.

Politoloq vurğulayıb ki, rəsmi Moskva Boltonun Şərqi Avropa turunu özünün regionda maraqlarına qarşı olduğunun fərqindədir:

“Rusiya preventiv siyasi addımlar ataraq hər üç ölkəyə qarşı təzyiqlər edəcək. ABŞ Cənubi Qafqazı, Şərqi Avropanı yaxın gələcəkdə öz orbitində görmək istəyir. İlk növbədə bu, regionlarda Rusiyanın birbaşa və dolayı yolla iştirakı olduğu işğal faktorunu aradan qaldırmalıdır. Burada Vaşinqtonun əsas təzyiq edə biləcəyi ölkə Ermənistandır. Təsadüfi deyil ki, Boltonun ötən ilin oktyabrında Cənubi Qafqaza səfəri bu konteksdə reallaşmışdı. Ermənistanın işğalçılığı, Rusiyadan qopmamaq siyasəti Vaşinqtonun regionda siyasətinə mənfi təsir edir. Demək olar ki, İrəvanın üzündən Boltonun Cənubi Qafqaz səfəri uğurlu olmadı. Bolton Şərqi Avropa turnesində uğurlu siyasi prosesə imza atarsa, növbəti dönüş Cənubi Qafqaz olacaq. Ölkəmiz öz milli maraqları faktorundan manevr siyasətini bir müddət davam etdirməlidir”.

Xatırladaq ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Şərqi Avropa turnesinə çıxıb.

Firuzə Vahid / REDAKTOR.AZ