"Azərbaycan və Meksika arasında ikitərəfli ticarətin həcmi artıb" - Səfir

 16:37 30.08.2019     696

"İl ərzində Meksika səfirliyi 25-dən çox mədəni tədbir həyata keçirib. Bu il isə keçirilən tədbirlərin sayı əvvəlki illərlə müqayisədə daha çoxdur".

Redaktor.az-ın xəbərinə görə, bunu Meksikanın Azərbaycandakı səfiri Rodrigo Lobardini Azərbaycanda səfərdə olan meksikalı pianoçu Xesus Lepe ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Biz Meksika mədəniyyətini sadəcə Bakıda deyil, həmçinin digər bölgələrdə də təmsil edirik. Bu il məşhur meksikalı pianoçu Xesus Lepenin konsertini təşkil edəcəyik. Onun konsertini təşkil etməyin məqsədi Azərbaycan tamaşaçısını onun sənəti ilə yaxından tanış etməkdir", - deyə səfir bildirib.

Səfirin sözlərinə görə, bu il meksikalı yazıçı David Toskananın Azərbaycanda təqdimatı, "Qız Qalası" festivalında Meksikanın iştirakı, həmçinin birhəftəlik Meksika qastronomiya festivalının təşkil edilməsi, Meksika istehsalı olan filmlərin nümayişi nəzərdə tutulur: "Belə tədbirlərin məqsədi iki ölkə arasında əlaqələri gücləndirmək, mədəni əlaqələri təşviq etmək, Azərbaycan və Meksika xalqlarını bir-birinə daha da yaxın etməkdir. Azərbaycan və Meksika arasında ikitərəfli ticarətin həcmi artıb. Həmçinin Meksikadan Azərbaycana gələn turistlərin sayı 8 faiz, Azərbaycandan Meksikaya gedənlərin sayı isə 20 faiz artıb".

Qeyd edək ki, meksikalı pianoçu Xesus Lepe Azərbaycanda silsilə konsertlər verəcək. O, Bax, Bethoven, Şopen kimi klassik bəstəkarlar və bir neçə məşhur meksikalı bəstəkarın əsərlərini ifa edəcək.

X.Lepe ilk konsertini sentyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində verəcək.

Pianoçunun, həmçinin Qəbələ və Sumqayıtda da konsertlə çıxış etməsi nəzərdə tutulur.