DİQQƏT! Neftin qiyməti qalxsa... - BÖHRAN QAÇILMAZ OLACAQ

Rusiya ABŞ-ın təkqütblü dünya siyasətini qəbul etmir və ona qarşı addımlar atır.
Siyasi şərhçi Azər Rəşidoğlu Redaktor.az-a açıqlamasında formalaşmaqda olan yeni dünya düzəninə aydınlıq gətirib.
A. Rəşidoğlu hesab edir ki, hazırda yeni dünya düzəni qurulur:
“İndi dünyanı neft uğrunda savaş narahat edir. İran Qərbə təzyiq üçün körfəzin bağlanması ilə bağlı müəyyən addım atacaq. Amma bu, bütövlükdə Hörmüzün əməliyyatlara dayandırılması anlamına gəlməyəcək. Ən azı ona görə ki, bu, kifayət qədər ciddi addımdır və Tehran belə addım atarsa, dünyanın sərt təzyiqi ilə üzləşə bilər. Lakin əgər, İran belə bir addım atmağa məcbur olarsa, bu, birmənalı şəkildə dünya neft bazarına təsir göstərə və dünyada neftin qiymətinin yülsəlməsinə səbəb ola bilər. Nəzərə alsaq ki, dünyada neft ixracatının 40%-i adıçəkilən körfəz vasitəsi ilə həyata keçirilir, o zaman neftin qiymətinin bir barel üçün 250 dollaradək yüksələ biləcəyini proqnozlaşdırmaq olar. Sözsüz ki, bu, dünyada yeni böhranı qaçılmaz edər. Lakin belə bir hal baş verərsə, daha çox itirən ABŞ deyil, Çin, Yaponiya və Avropa ölkələri olacaq. Əvvəla, ABŞ özü neft istehsalçısıdır, həmçinin Birləşmiş Ştatlar idxal etdiyi neftin müəyyən qismini anbarlarda ehtiyat kimi saxlayır, ona görə də ABŞ-ın bu proseslərdən sığortalanmaq şansı var. Çin, Yaponiya və Avropa ölkələri isə demək olar ki, tamamilə, (Norveç və Böyük Britaniya istisna olmaqla) neft idxalından asılıdır. Neftin qiyməti bu dərəcədə qalxarsa, bu ölkələrdə yeni böhran qaçılmaz olacaq”.
A.Rəşidoğlu bildirib ki, bu addımın atılmasının İran üçün də mənfi nəticələri ola bilər:
“Çünki bu halda İrana təzyiqlərin də artacağı təbiidir. Bu gün İrana qarşı tətbiq edilən bir çox sanksiyanı Rusiya və Çin dəstəkləmir. Lakin Tehran körfəzi bağlayarsa, İranın qlobal müstəvidə təklənməsi qarşısı alınmaz ola bilər. G7 sammiti də göstərdi ki, istər Rusiya, istərsə də İrana münasibətdə ABŞ və Avropa ölkələrinin münasibətləri ciddi şəkildə fərqlənir. Avropa ölkələri İranla danışıqların davam etdirilməsini arzulayır. Və bu ölkələr Tehrana ehtiyac duyulan humanitar məhsulların göndərilməsi üçün ABŞ-ın sanksiyalarından kənar bir mexanizmin olmasını istəyirlər. Lakin Avropanın bu istəyi İranın təlabatlarını ödəmir. O, iqtisadiyyatını dirçəldəcək təbii qaz və metal sənayesində ABŞ-ın təzyiqinin azaldılmasını arzulayır.
Avropa ölkələrinin mövqeyi belədir - sanksiyaları pozmaq riskini nəzərə alaraq, İranla ticarət əlaqələri qurmaq qərarını dövlətlər yox, bu ölkələrdəki şirkətlər verməlidir”.
A.Rəşidoğlu istisna etmir ki, belə yanaşma bölgədəki gərginliyi də azalda bilər:
“Körfəzdə yaşanan gərginlik, xam neft daşıyan gəmilərə hücumlar və ABŞ-ın pilotsuz təyyarəsinin vurulması bölgənin gələcəyini sual altında qoyur. Bir qədər əvvəl İsrail və ABŞ siyasi dairələrində İrandakı nüvə sənayesi mərkəzlərinin hərbi əməliyyat vasitəsilə yox edilməsi məsələsi də gündəmə gəlmişdi. Lakin Tramp sabiq Prezident Barak Obamanın imzaladığı bu razılaşmanı kökündən səhv hesab elədiyini açıqladı. Bunun əvəzində İrana mümkün qədər çox təzyiq etmək yolunu seçən Trampın əsas hədəfinin nə olduğu hələ də tam anlaşılan deyil. Bu istiqamətdə Trampa komandasındakı “qırğılar" təzyiq edir. Onlar İranda rejim dəyişikliyi olacağına və Rusiyanı iqtisadi baxımdan çökdürə biləcəyinə ümid edirlər. Bəziləri isə hesab edir ki, məqsəd İranı və Rusiyanı daha böyük məhdudiyyətlər nəzərdə tutan razılaşmaya məcbur etməkdir. Lakin G7 ölkələri bir qədər fərqli mövqe nümayiş etdirir. Fransa Prezidenti Emmanuel Makron bütün tərəflər arasında yeni müzakirənin başlamasına çalışacaqlarını bəyan edir. Tehran isə ABŞ-ın sanksiyaları yumşaldacağı halda danışıqlara qoşulacağını bildirib”.
A.Rəşidoğlu vurğulayıb ki, bu gün rəsmi Ankara da bölgənin ən mühüm oyunçusudur:
“Türkiyə Asiyadan Avropaya gedən qaz yolunun təbii tranzitidir. Onu da unutmaq olmaz ki, İsrailin şelfində qaz yataqları tapılıb. Misir və Rusiya da qaz ixracatçılarıdır. Odur ki, burada bir neçə ölkənin və tranzit kimi Türkiyənin maraqları bir araya gəlib. Ən mühümü budur ki, bu üç ölkənin qazın ixracatına dair maraqları toqquşmasın. Ərdoğanın hazırda qurmağa çalışdığı siyasi müttəfiqliklərin nə dərəcədə möhkəm olacağını gələcək göstərəcək. İsraillə siyasi müttəfiqlik indiki situasiyada o qədər də inandırıcı görünmür. Ankaranın Misirlə də problemləri var. Misir hakimiyyəti Ankaranı özünün əsas müxalifəti olan “Müsəlman qardaşları”nı dəstəkləməkdə ittiham edir. Yaranmış situasiyada Ankara və Moskva əməkdaşlığı heç olmasa aralıq müddətdə mümkündür”.
A.Rəşidoğlu Türkiyə ilə qarşılıqlı münasibətlərin Rusiya üçün nə dərəcədə əhəmiyyətli olmasına da aydınlıq gətirib:
“ABŞ, Rusiya və İran Türkiyənin əsas oyunçuya çevrilməsini arzulamırlar. Əsas hədəf Ankaradır. Bunu anlayan Ərdoğan müxtəlif güclər arasında manevr siyasətini həyata keçirir. Türkiyə Birləşmiş Ştatlara da etimad edə bilmir. Belə ki, ABŞ-ın son zamanlar kürdlərə dəstəyinin ciddi şəkildə artması, Suriyanın şimalında yeni kürd dövlətinin yaradılacağı barədə xəbərlər tez-tez gündəmə gəlməyə başlayıb. Son illər ərzində Pentaqon kürdləri müasir silahlarla silahlandırıb. Eyni zamanda hazırda rəsmi olaraq min nəfərdən çox ABŞ hərbçisi kürdlərə təlim keçir, eləcə də Türkiyə ilə sərhəddə patrul xidməti həyata keçirir. Suriyanın şimalında kürdlərin dövlətinin yaradılacağı xəbərlərinin ardınca, indi də sərhəd qoşunlarının yaradılması məsələsi gündəmə gəlib. Belə olan təqdirdə, Ankara Vaşinqtona sona qədər etibar edə bilərmi?! Yaranmış qarışıq vəziyyətin fonunda Ərdoğanın Rusiyaya son səfərinin nəticələri maraqla gözlənilir. İctimaiyyətə açıqlanan və açıqlanmayan müzakirələrin təzahürləri yəqin özünü çox gözlətməz. Bir məsələ də diqqətdən qaçmamalıdır ki, böyük siyasətdə daimi dost və düşmən yoxdur, daimi maraqlar var. Türkiyə-Rusiya münasibətlərində Ankaranın, elə Moskvanın gözləntisi də bundan fərqli deyil”.
Firuzə Vahid / REDAKTOR.AZ