Ermənilər Rusiyaya azərbaycanlılardan bir köynək yaxındı - ƏSAS SƏBƏB BU İMİŞ

 17:07 06.09.2019     476

"Ermənistanın Rusiya ilə münasibətlərinin pozulması Azərbaycanın torpaqlarını qaytarması ilə nəticələnəcək".

Bu sözləri politoloq Əhəd Məmmədli Redaktor.az-a açıqlamasında deyib.

Politoloq hesab edir ki, Paşinyan erməni xalqına verdiyi vədlərlə Putinin arasında qalıb:

“Təəssüf ki, ermənilər o qədər ağılsız deyil ki, ruslarla münasibətləri pozsunlar. Ağlı başında olan erməni bilir ki, Rusiya onların dövlət təhlükəsizliyinin təminatçısıdır. İndiki Ermənistanın qurulmasının səbəbkarı məhz Rusiyadır. Tərəflər arasında hibrid müharibəsi gedə bilməz. Çünki protektorla protektoratı arasında heç bir, heç cür müharibə olmur. Ermənistanın sərhədlərinin bir hissəsini rus əsgərləri qoruyur, düşmən ölkədə rus hərbi bazası mövcuddur, işğal altında olan ərazilərimizdə də qeyri-rəsmi şəkildə rus hərbçiləri yerləşib. Bu şərtlər davam etdikcə Ermənistan Rusiyaya qarşı demarş etməz. Harutyunyan, Poğosyan, Köçəryan, Şişkin, 102-ci baza məsələlərinin gündəmə gəlməsinin də səbəbləri oxşardır. Ermənistanda kimin prezident olmasından asılı olmayaraq, o, Rusiya üçün Azərbaycan prezidentindən həmişə bir köynək yaxın olacaq. Burada din, milli amil ermənilərin xeyrinədir. Ruslarla münasibətlərdə bunu həmişə nəzərə almalıyıq”.

Politoloq vurğulayıb ki, Ermənistandakı daxili vəziyyət heç də ürəkaçan deyil:

“Paşinyan erməni xalqına verdiyi vədləri yerinə yetirə bilmir. Görünən odur ki, verilən vədlərin yerinə yetirilməsi Moskva və Qarabağ klanının ciddi müqaviməti ilə rastlaşır. Tsarukyan bloku, Sasna Tser, daşnakları da əlavə etsək, Rusiyanın Ermənistanda 5-ci kalonunun miqyasını təsəvvür edə bilərik. Hələlik Moskvanın istədiklərini Paşinyan yerinə yetirmir. Çünki o, hələ ki, xalqı arxasında hiss edir. Siyasətçi üçün ən böyük güc xalqının dəstəyini arxasında hiss etməkdir. Nə vaxta qədər ki, Paşinyan arxasında xalq gücünü hiss edəcək, Putinin arzularını rədd etmək cəsarətində olacaq. Nə vaxt ki, Paşinyan iqtidarı yıpranmağa başlayacaq, onda Paşinyanı daha çətin sınaqlar gözləyəcək. Siyasi lider, dövlət başcısı üçün xalqdan daim dəstək almaq çox çətin məsələdir. Ələlxüsus da, o lider Ermənistan kimi blokadada olan, bütün iqtisadi projelərdən kənarda qalan kasıb bir dövlətə rəhbərlik edirsə, bu iş daha da çətinləşir”.

Ə. Məmmədli istisna etmir ki, vaxt keçdikcə Ermənistanda sosial-iqtisadi vəziyyət müsbətə doğru dəyişməsə, Paşinyan reytinqini itirməyə başlayacaq:

“O anda Rusiyanın dəstəyi ilə Köçəryan, Tsarukyan, Sasna Tser, daşnaklı erməni müxalifəti böyük revanş ala bilər”.  

Firuzə Vahid / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən