Paşinyan BMT-də Azərbaycanı belə ŞANTAJ EDƏCƏK

“Paşinyanın təxribatçı çıxışlarına sərt səviyyədə reaksiya verilməlidir”.
Redaktor.az bildirir ki, “Atlas” Araşdırmalar Mərkəzi Ermənistanın baş naziri Nikol Paşinyanın BMT-dəki çıxışının əsas tezislərinin hansılar olacağını təhlil edib.
Təhlildə bildirilib ki, N Paşinyanın BMT Baş Assambleyasının sessiyasında budəfəki çıxışı ötənilkindən çox da fərqlənməyəcək:
“Ermənistanın baş naziri Nikol Paşinyan bu ay ABŞ-a səfərə hazırlaşır. Onun Amerikaya səfərinin 3 məqsədi var. Birinci məqsədi BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış etməkdir. İkinci məqsədi BMT koridorlarında ABŞ prezidenti Donald Trampla görüşün reallaşmasına çalışmaqdır. Üçüncüsü, Nyu-Yorkdan Los-Ancelesə keçib buradakı erməni diasporu qarşısında çıxış etməkdir. Paşinyanın Trampla görüşmək istəyinin reallaşması çətindir. Ötən il də Paşinyan Trampla görüşməyə çalışdı, hətta bu məqsədlə əvvəlcə müşavirini Vaşinqtona yolladı, ardınca da ermənipərəst konqresmenlərin Ağ Evə məktub göndərilməsinə nail oldu. Ancaq bütün cəhdlər boşa çıxdı. Tramp Paşinyanla görüşmədi, bu dəfə də Ağ Ev sahibinin belə bir istəyi yoxdur”.
Təhlildə qeyd edilib ki, Nikol Paşiyan bu dəfə də BMT Baş Assambleyasında çıxış edəcək:
“Onun sessiyada nə söyləcəyini təxmin etmək üçün ötənilki çıxışının əsas tezislərinə diqqət yetirmək kifayətdir. Nyu-Yorkdakı bu çıxışı ilə sülh danışıqlarına zərbə vuran Paşinyan beynəlxalq aləmi Azərbaycana təzyiqi artırmağa təhrik etmişdi. Maraqlıdır ki, Nikol Paşinyanın “sülhə çağıran” çıxışından bir neçə gün sonra Ermənistanın işğalçı qoşunları hərbi təlimlər keçirmişdi və bununla özləri bölgədəki gərginliyi artırmışdılar. Paşinyanın ötənilki çıxışı Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən hər hansı nəticə əldə etməyin mümkünsüzlüyünü bəribaşdan müəyyənləşdirdi. Paşinyan ötən ilin sentybar ayında təxribatçı açıqlamalarını bu tezislərlə möhkəmləndirdi:
“Dağlıq Qarabağda referendum keçirilməlidir”, “Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir” (bu ilin avqustun 5-də Xankəndində dediyi bu ifadəni o hələ bir il əvvəl beyinlərə yetirməyə çalışırdı), “Dağlıq Qarabağın Azərbaycana aidiyyatı yoxdur”. Nikol Paşinyanın BMT Baş Assambleyasının sessiyasında budəfəki çıxışında da oxşar tezislərin səslənəcəyini proqnozlaşdırmaq olar. O ötənilki çıxışına Azərbaycana qarşı yeni ittihamlarına bunları da əlavə edə bilər:
“Azərbaycan sülhdə maraqlı deyil”, “Azərbaycan münaqişəni hərbi yolla həllinə üstünlük verməklə bölgədə müharibə riskini artırır” və s”. Təhlildə vurğulanıb ki, Paşinyanın bu çıxışından sonra Azərbaycan Xarici İşlər Nazirliyinin ənənəvi açıqlamasını yayacağı məlumdur: “Ancaq Paşinyanın təxribatçı çıxışlarına başqa səviyyədə reaksiya verilməlidir. Çünki Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda gözlənilən görüşünün ötənilki kimi nəticə verməyəcəyi indidən bəllidir. Bu görüşlər danışıqların imitasiyasından başqa heç nə deyil. Bizə isə imitasiya deyil, münaqişənin həllini yaxınlaşdırmaq lazımdır”.
Firuzə Vahid / REDAKTOR.AZ