Şahbazla Dilqəmin dəyişdirilməsi mümkün olacaqmı? - Paşinyanı DİLİNDƏN TUTMAQ LAZIMDI

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə paylaşdığı son statusda Rusiya ilə Ukrayna arasında girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təqdir edib. “Girovların dəyişdirilməsinin Rusiya ilə Ukrayna arasında sülhün əldə olunmasına dəstək olacağına ümid edirik” cümləsini yazıb. Paşinyan iki xalq arasında münasibətlərin bərpasının alternativi olmadığını da bildirib.
Bir müddət öncə Azərbaycan da münaqişə çərçivəsində əsir və girov götürülmüş şəxslərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Xarici işlər nazirlərinin son keçirilən görüşlərində də qəbul olunmuş bəyanatlarda məhz münaqişənin həlli kontekstində müəyyən humanitar tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. O cümlədən əsir və girovların yaxınları ilə təmaslarının qurulması məsələsi son görüşlərdə aktual mövzu kimi gündəmə gəlib. Maraqlısı budur ki, Rusiya ilə Ukrayna arasında girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təqdir edən Paşinyan Azərbaycanın bu təşəbbüsünün həyata keçirilməsinə mane olur.
Politoloq Məhəmməd Əsədullazadə Redaktor.az-a açıqlamasında məsələyə münasibət bildirib.
Politoloq hesab edir ki, “hamının hamıya” prinsipi ilə əsirlərin dəyişdirilməsi Ermənistan və Azərbaycan arasında da baş verə bilər:
“Ermənistan baş naziri Nikol Paşinyanın Ukrayna və Rusiya arasında “hamının hamıya” prinsipi ilə əsirlərin mübadiləsini təqdir etməsindən Azərbaycan istifadə edə bilər. Rəsmi Bakı bu məsələni daima qabardıb. Amma, İrəvan Şahbaz və Dilqəmin dəyişdirilməsində siyasi avantüraya əl atır. Bunu Qarabağdakı separatçılarla danışmalı olduğumuzu vurğulayır. Paşinyan daxili qüvvələrdən qorxaraq belə bir addıma getmir. O, siyasi iradə göstərib, Azərbaycanla əsirlərin dəyişdirilməsinə gedərsə, münaqişənin həllində danışıqlarda müsbət atmosfer formalaşar. Moskvadan İrəvana bu haqda təlimat gəlməsə, Paşinyan “hamının hamıya” prinsipi ilə əsirləri dəyişməyəcək”.
Politoloq vurğulayıb ki, Paşinyan iki girovumuzu qaytarmaq haqqının Ermənistana aid olmadığını qeyd edir:
“Belə olan təqdirdə, yalnız biz əlavə tədbirlər həyata keçirməklə İrəvanı fakt qarşısında qoymalıyıq. Moskva ilə də bu aspektdə danışılmalıdır. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir. Hesab edirəm ki, mütləq şəkildə bu məsələ Minsk qrupunun həmsədrlərinin nəzərinə çatdırılmalı və nəticəyə gəlinməlidir. Artıq Ermənistan addımlar atmalıdır. İrəvan buna getməsə, demək Qarabağ danışıqlarının heç bir nəticəsi olmayacaq. Paşinyan buna gedə bilər”.
Politoloq Elxan Şahinoğlu da məsələyə münasibət bildirib. Politoloq hesab edir ki, Paşinyana öz təklifi ilə cavab verilməlidir:
“Azərbaycan Xarici İşlər Nazirliyi təkrar bəyanatlar yayınlamaqdansa, yaradıcı yanaşma ortaya qoyaraq Paşinyanın son statusundan bəhrələnsin. Paşinyan statusunda girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini tərifləyib. Biz də onun bu statusuna istinad edərək Dağlıq Qarabağdakı 2 girovumuzu bizim əlimizdə olan eyni sayda Ermənistan vətəndaşına dəyişdirilməsini İrəvana təklif edək”.
Firuzə Vahid / REDAKTOR.AZ